“Bakı informasiya təhlükəsizliyinin və media diplomatiyasının yeni mərkəzinə çevrilir” - ŞƏRH EDİLDİ

24 Noyabr 2025 13:10 (UTC+04:00)

"D-8 ölkələrinin media xəttində bu cür təşəbbüsün Bakıda reallaşması, açığı, regionda yeni kommunikasiya arxitekturasının qurulduğunu göstərir. Prezident İlham Əliyevin Media Mərkəzi ideyası nümayiş etdirir ki, Azərbaycan təkcə enerji və logistika deyil, informasiya təhlükəsizliyi və media sahəsində də qlobal oyunçu statusuna keçməkdədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu platforma D-8 ölkələri arasında koordinasiyalı informasiya siyasəti formalaşdırmağa imkan verir və xarici təsir cəhdlərinə qarşı kollektiv müdafiəni gücləndirir: "Bakı Media Mərkəzi həm də ortaq təlimlər, kontent mübadiləsi, dezinformasiya əleyhinə mexanizmlərin qurulması üçün ideal məkandır. Çünki bu ölkələrin hamısı müxtəlif informasiya təzyiqləri ilə üzləşir və Azərbaycan bu təcrübələrdən keçmiş bir dövlət kimi prosesə real liderlik edir. Forum isə iştirakçı ölkələrin öz media narrativlərini bir-birinə yaxınlaşdırmasına şərait yaradır və qərarvermədə ümumi mövqe formalaşdırır.

Strateji kommunikasiya baxımından bu təşəbbüs D-8 daxilində “vahid informasiya şəbəkəsi” modelinə doğru praktik addımdır. Burada əsas dəyər ondan ibarətdir ki, informasiya axını nə Qərbin, nə də digər güclərin filtrlərindən deyil, birbaşa regional tərəfdaşlığın özündən keçir. Bu isə məlumatın təhrif olunma riskini minimuma endirir və ictimai rəyin daha dəqiq formalaşmasına imkan yaradır.

Bakı həm media diplomatiyasının, həm də informasiya təhlükəsizliyinin yeni mərkəzi kimi möhkəmlənir. D-8-in gələcək əməkdaşlığı da artıq təkcə iqtisadi platforma yox, çoxşaxəli strateji ittifaq konturuna keçir. Bu formatın qazanclı tərəfi də budur: tərəfdaş dövlətlər öz sözünü qlobal mediaya başqalarının prizmasından deyil, öz narrativləri ilə çıxara biləcək".