Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Raniyə əl-Maşatın və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin həmsədrliyi ilə Azərbaycan ilə Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclası keçirilir. SİA xəbər verir ki, ölkəmizi iclasda nazir Rəşad Nəbiyevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti təmsil edir.
Nümayəndə heyətinə iqtisadiyyat, gənclər və idman, mədəniyyət nazirlərinin müavinləri, eləcə də Xarici İşlər Nazirliyinin, AZPROMO-nun, Dövlət Turizm Agentliyinin, Ələt Azad Ticarət Zonasının, Qida Təhlükəsizliyi Agentliyinin, Elm və Təhsil, Energetika və Kənd Təsərrüfatı Nazirliklərinin, KOBİA-nın, TƏBİB-in və “SOCAR Trading”in məsul şəxsləri daxildir. Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov tədbirdə iştirak edir.
Əvvəlcə Misir-Azərbaycan biznes forumu baş tutub. Biznes forumda iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Daha sonra, həmsədrlərin iştirakı ilə Müştərək Komissiyanın geniş iclası işinə başlayıb. Sonda altıncı iclasın protokolu imzalanacaq.
Səfər çərçivəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ikitərəfli görüşləri planlaşdırılır.
Qeyd edək ki, Müştərək Komissiya 1994-cü il aprelin 7-də Qahirədə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb. Müştərək Komissiyanın beşinci iclası 2022-ci il fevralın 25-də Bakıda keçirilib.