"Erkən uşaqlıq dövrü kimlik axtarışının başlanğıcıdır" - PSİXOLOQ DANIŞDI

24 Noyabr 2025 12:39 (UTC+04:00)

"Övladlığa götürülmüş uşaqlar ilk növbədə sevgi, aidiyyət və sosial baxımdan çətinliklər yaşayırlar. Onlar erkən yaşda travma keçirmiş uşaqlar hesab olunurlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.

Onun sözlərinə görə, onlara nə qədər yaxşı baxılsa da, şəxsiyyətin formalaşması, bağlanma və aidiyyət hissi ilə mübarizə aparırlar: "Bu çətinliklər həyatları boyunca onların emosional inkişafına, davranışlarına və münasibətlərinə təsir edə bilər. Bu uşaqlarla çalışan təlimçilər, müəllimlər və psixoloqlar öncədən bilirlər ki, onlar uzunmüddətli terapiya prosesindən keçəcəklər. Buna görə də bu uşaqların emosional və sosial inkişafı üçün zəruri olan dəstəyi göstərməyə çalışırlar.

Erkən uşaqlıq dövrü (3–6 yaş) uşağın "Mən kiməm?" sualına cavab axtardığı dövrdür. Bu, adətən ailədə formalaşır. Evladlığa götürülmüş uşaqlar isə bioloji ailələri ilə deyil, yeni ailədə kimliklərini formalaşdırmağa çalışırlar. Bu dövrdə onlarda psixoloji və emosional çətinliklər, sosial izolyasiya, travma sonrası stress, diqqət pozuntusu və digər problemlər özünü göstərə bilər.

6–10 yaş (orta uşaqlıq dövrü) mərhələsində uşaq artıq suallar verməyə başlayır: "Məni niyə övladlığa götürdülər?", "Valideynlərim kim idi?", "Mən pis bir hərəkət etmişdimmi?" Bu yaş dövründə uşaqlar ailə modelini öyrənməyə və bioloji köklərini anlamağa çalışırlar. Onlarda özlərini digər uşaqlardan fərqli hiss etmək, qəbul olunmamaq və kimlik axtarışı daha da dərinləşir. Yeniyetməlik dövrü (10+ yaş) isə şəxsiyyətin formalaşmasında ən kritik mərhələdir. Bu dövrdə uşaq “Mən kiməm?” sualına cavab tapmaq üçün bioloji valideynlərini axtarmağa meyl göstərə bilər. Emosional qarışıqlıq, inciklik, kin, tərk edilmə hissi və sevgi ehtiyacı eyni anda yaşana bilər. Sosial izolyasiya və özünü digər uşaqlardan fərqli hiss etmə halları artır.

Burada həm də cinsiyyət fərqləri, ailəyə və həyata adaptasiya sürəti kimi faktorlar önə çıxır. Bəzi uşaqlar ailədə digər uşaqlardan fərqli münasibət görür. Bəzən bu, "mənim uşağım deyil" yanaşması ilə özünü göstərir. Bu isə onların özünə güvəninə və emosional sağlamlığına mənfi təsir edir. Əgər övladlığa götürülmüş uşaq sevgi dolu bir mühitdə böyüyərsə, ona dəstək göstərilərsə və açıq ailə modeli formalaşarsa, bu uşaq özünü daha dəyərli və qəbul olunmuş hiss edə bilər. Əks halda, uşaqda qorxu, əsəb, xəyal qırıqlığı, nevrotik əlamətlər və davranış pozuntuları formalaşa bilər.

Bütün bu çətinliklərə baxmayaraq, övladlığa götürülmüş uşaqlar da digər uşaqlar kimi normal, sağlam və uğurlu bir həyat qura bilərlər. Lakin bunun üçün düzgün psixoloji dəstək, davamlı müşahidə və sevgi ilə dolu bir ailə mühiti vacibdir".