Böyük Britaniyanın sabiq Baş naziri Devid Kemerona prostat xərçəngi diaqnozu qoyulub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, bu barədə “The Times” qəzetinə müsahibəsində məlumat verib. 59 yaşlı D. Kemeron əvvəlcə PSA (prostat spesifik antigen) testi, daha sonra MRT (maqnit rezonans tomoqrafiya) və biopsiya müayinələrindən keçib.
Prostat xərçəngi Böyük Britaniyada kişilər arasında ən çox rast gəlinən xərçəng növü hesab olunur. Hər il təxminən 55 min yeni hal qeydə alınır. Xəstəlik əsasən yaşlı kişilərdə, xüsusilə 75 yaşdan yuxarı olanlarda daha çox müşahidə edilir. Həmçinin, afrokarib mənşəli kişilər arasında xəstəliyə rastgəlmə halları daha yüksəkdir.
D. Kemeron bildirib ki, şəxsi sağlamlıq məsələləri barədə danışmağı xoşlamasa da, öz nüfuzundan istifadə edərək risk qrupunda olan kişilərin müayinədən keçməsinin vacibliyinə diqqət çəkmək istəyir.