Londonda turizm vergisinin tətbiqi gözlənilir

24 Noyabr 2025 04:02 (UTC+04:00)

Londonda gecələyən turistlər üçün turizm rüsumunun tətbiq ediləcəyi gözlənilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu səlahiyyətin merə və digər yerli rəhbərlərə verilməsi hazırda Parlamentdə müzakirə olunan qanun layihəsi çərçivəsində nəzərdə tutulur.

London meri Sadiq Xan uzun müddətdir ki, turizm rüsumunun tətbiqi üçün səlahiyyətlərin Londona verilməsini tələb edirdi. İlkin hesablamalara görə, paytaxtda tətbiq olunacaq turist vergisi şəhər büdcəsinə ildə təxminən 240 milyon funt sterlinq gəlir gətirə bilər. 2024-cü ildə Londonda 89 milyon gecələmə qeydə alınıb ki, bu da verginin potensial gəlirliliyini daha da artırır.

Hazırda İngiltərə G7 ölkələri arasında yerli hakimiyyətə turizm vergisi tətbiq etməyə icazə verilməyən yeganə ölkədir. Şotlandiya və Uels artıq müxtəlif növ turist rüsumlarını təsdiq ediblər. Şotlandiyada yerli meriyalar turist vergisini mehmanxana hesabının müəyyən faizi kimi müəyyən edə bilir. Uelsdə isə 2026-cı ildən etibarən turistlərdən gecəlik 1,30 funt məbləğində rüsum alınacaq.