Kəlbəcərin azadlığının 5-ci ili - ŞƏRH

23 Noyabr 2025 18:22 (UTC+04:00)

"Kəlbəcər Azərbaycanın tarixində həm qədim dövrlərdən başlayan mədəni irsi, həm də strateji-coğrafi mövqeyi ilə xüsusi əhəmiyyət daşıyan bölgələrdən biridir. Qafqaz Albaniyasının mühüm dini-mədəni mərkəzi olması, orta əsrlərdə Qarabağ xanlığının təbii istehkam zonası kimi çıxış etməsi, zəngin türk etnoqrafiyası və yaylaq mədəniyyəti regionun tarixi kimliyini formalaşdırmışdır. Kəlbəcərin təbii sərvətləri, memarlıq abidələri onu Azərbaycanın həm maddi, həm də mənəvi xəzinəsinin ayrılmaz hissəsinə çevirir. 2020-ci ildə ərazi üzərində suverenliyimizin bərpa olunması isə Kəlbəcərin tarixi əhəmiyyətini yenidən gündəmə gətirərək bölgənin bərpası və mədəni irsinin qorunması üçün geniş imkanlar açmışdır". Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli iradəsi, hərbi zəfəri siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Kəlbəcər rayonu qan tökülmədən və şəhid verilmədən Azərbaycana qaytarılıb: "Məlum üçtərəfli bəyanata əsasən, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin boşaldılması müəyyən edilmiş qrafik üzrə həyata keçirilirdi. Bəyanatın şərtlərinə uyğun olaraq, Kəlbəcər rayonu 15 noyabr tarixində Azərbaycana təhvil verilməsi nəzərdə tutulmuşdu. Lakin Ermənistan tərəfinin müraciəti və Rusiya Federasiyasının xahişi əsasında bu müddətə əlavə olaraq 10 günlük möhlət verilmişdir. Noyabrın 25-də isə erməni silahlı birləşmələri və qeyri-qanuni məskunlaşdırılmış əhali Kəlbəcər rayonunu tam şəkildə və təhlükəsiz şəkildə tərk etmişdir. Qeyd etmək lazımdır ki, Kəlbəcərin azad edilməsi BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin olunması anlamına gəlir. Bu fakt Azərbaycanın atdığı addımların beynəlxalq hüquq normalarına və mövcud konvensiyalara tam uyğun olduğunu təsdiq edir. Xatırladaq ki, 1993-cü ildə Kəlbəcər rayon sakinləri zorakılıqla öz doğma yurdlarından qovulmuş, əhali dağ yolları ilə, ayaqyalın və piyada şəkildə erməni təcavüzündən qaçaraq xilas olmağa çalışmışlar. Bu prosesdə yüzlərlə dinc sakin atəşə tutulmuş, kütləvi qırğınlara məruz qalmış, əsir və girov götürülənlər olmuşdur. İşğal dövründə sakinlərin şəxsi əmlakı tamamilə talan edilmiş, tarixi abidələr dağıdılmış, meşə fondu yandırılmış, təbii sərvətlər isə sistemli şəkildə istismar olunmuşdur. Kəlbəcər rayonu zəngin təbii ehtiyatları ilə seçilir. Ərazidə qızıl, gümüş, mis, xrom, civə, tellur, selen və digər faydalı qazıntılarla yanaşı, sənaye əhəmiyyətli müxtəlif yataqlar mövcuddur. Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl yataqları, Şorbulaq və Ağyataq civə yataqları, Mehmana polimetal yatağı xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, rayonun ərazisində böyük ehtiyatlara malik inşaat materialları, əlvan və üzlük daş yataqları da mövcuddur. Azərbaycanın ən iri çaylarından biri olan Tərtər çayının mənbəyi də Kəlbəcər ərazisindən başlayır. Tərtər çayının uzunluğu 200 kilometrdən çoxdur, Bazarçay və Xaçınçay isə təqribən 200 kilometrə yaxın uzunluğa malikdir. 44 günlük İkinci Vətən müharibəsində qazanılmış şanlı Qələbə nəticəsində imzalanan üçtərəfli Bəyanata uyğun olaraq, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat aparılmadan işğaldan azad edilmişdir".