Tramp Venesuelada əməliyyatların yeni mərhələsinə hazırlaşır...

23 Noyabr 2025 20:24 (UTC+04:00)

...Donald Tramp administrasiyası yaxın günlərdə Venesuela ilə bağlı əməliyyatların yeni mərhələsinə başlamağı planlaşdırır.

SİA xəbər verir ki, Reuters bu barədə məlumat verib.

Agentlik yeni əməliyyatların dəqiq vaxtını və ya əhatə dairəsini, yaxud ABŞ prezidenti Donald Trampın hərəkətə keçmək barədə yekun qərar verib-vermədiyini müəyyən edə bilməyib.

Venesuela ilə münasibətlərin pisləşməsi fonunda ABŞ ordusu Karib dənizinə qüvvələr yerləşdirdiyindən son həftələrdə qarşıdan gələn tədbirlər barədə məlumatlar artıb.

Reuters-in istinad etdiyi iki ABŞ rəsmisi bildirib ki, gizli əməliyyatlar Maduroya qarşı yeni tədbirlərin ilk hissəsi ola bilər. Şənbə günü administrasiyanın yüksək vəzifəli rəsmisi Venesuelaya hər hansı bir müdaxiləni istisna etməyib.

...Prezident Tramp ölkəmizə narkotik axınının qarşısını almaq və məsul şəxsləri məsuliyyətə cəlb etmək üçün Amerika gücünün hər bir elementindən istifadə etməyə hazırdır, - deyə adının çəkilməsini istəməyən rəsmi bildirib.

Karib dənizində hərbi quruculuq bir neçə aydır ki, davam edir və Tramp Venesuelada gizli Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatlarına icazə verib.

Aviaşirkətlər Venesueladan uçuşları ləğv edib Bu arada, ABŞ Federal Aviasiya Administrasiyası cümə günü aviaşirkətlərə Venesuela üzərindən uçarkən "potensial təhlükəli vəziyyət" yarana biləcəyi barədə xəbərdarlıq edib və onları ehtiyatlı olmağa çağırıb.

Üç beynəlxalq aviaşirkət 22 noyabr şənbə günü Venesueladan uçuşları ləğv etdi.

Reuters xəbər verir ki, ABŞ bazar ertəsi günü Cartel de los Soles-i ABŞ-a qanunsuz narkotik idxalında rol oynadığı iddia edilən xarici terror təşkilatı kimi tanımağı planlaşdırır.

Tramp administrasiyası Maduronu Kartelə rəhbərlik etməkdə ittiham edir, o isə bunu təkzib edir. ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, terrorçu adlandırılması "ABŞ üçün tamamilə yeni imkanlar açır".

Əli Babayev