Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib ki, yüksəksürətli dəmir yolu şəbəkəsindən istifadə etməklə ölkə daxilində 48 saat ərzində fasiləsiz səyahət etmək mümkün olacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazir Trabzonda çıxış edərkən son onilliklərdə Türkiyədə 2200 kilometrdən çox yeni dəmir yolu xəttinin inşa edildiyini qeyd edib. “Planlarımız Türkiyə dəmir yollarının uzunluğunu 2028-ci ilədək 17 500 kilometrə, 2053-cü ilədək isə 28 500 kilometrə çatdırmağı nəzərdə tutur”, – deyə Uraloğlu bildirib.
Onun sözlərinə görə, yerli istehsal olan sürətli və yüksəksürətli sərnişin qatarlarının istifadəyə verilməsi Türkiyə hökumətinin prioritetlərindən biridir. “Yaxın aylarda saatda 225 kilometr sürətlə hərəkət edə bilən Türkiyə istehsalı yüksəksürətli qatarların sınaqlarına başlayacağıq”, – nazir əlavə edib.
Əbdülkadir Uraloğlu daha sonra mülki aviasiyanın inkişafına dair proqnozlarını bölüşərək bildirib ki, ilin sonunda Türkiyə hava limanlarında sərnişin axınının 240 milyona çatacağı gözlənilir.
“2025-ci ildə təkcə İstanbul Hava Limanına 84–85 milyon, Sabiha Gökçen Hava Limanına isə 44–45 milyon sərnişinin müraciət edəcəyi proqnozlaşdırılır”, – deyə nazir bildirib. O həmçinin qeyd edib ki, hazırda Türkiyədən dünyanın 355 hava limanına uçuşlar həyata keçirilir.