ABŞ Nikolas Maduronun hökumətini devirmək məqsədilə yaxın günlərdə Venesuelaya qarşı təzyiqin yeni mərhələsinə keçməyə, o cümlədən gizli əməliyyatlara başlamağa hazırlaşır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Trampın belə əməliyyatlara nə vaxt başlamaq və onların miqyasını hansı səviyyədə müəyyənləşdirmək barədə qərar verdiyi dəqiq bilinmir. Bununla belə, əməliyyatların “yaxın günlərdə” başlaya biləcəyi gözlənilir. ABŞ Venesuela hakimiyyətinə “təzyiqi artırmağa” çalışır.
Agentliyin mənbələri bildiriblər ki, nəzərdə tutulan gizli əməliyyatlar Venesuela Prezidentinə qarşı “yeni tədbirlər paketinin ilk mərhələsi” olacaq. “Digər məsələlərlə yanaşı, Maduronu devirməyə cəhd ehtimalı da müzakirə edilir”, – deyə məlumatda qeyd olunub.