Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində “Hüquqlarınla parla!” layihəsi üzrə təlimlərdə yüksək nəticə göstərmiş məktəblilər, eləcə də həssas kateqoriyadan olan uşaqlarla görüş olub.
SİA xəbər verir ki, Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, görüşdə səyyar, stasionar və yarımstasionar sosial xidmətlərin təşkili, təhlükəsiz mühitdə böyümə, inklüzivlik, sosial reabilitasiya və cəmiyyətə inteqrasiya kimi mövzularda fikir mübadiləsi aparılıb. Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin fəaliyyət istiqamətləri, uşaqlar və ailələrlə sosial işin təşkili, həssas kateqoriyadan olan uşaqların müdafiəsi və sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib və məktəbliləri maraqlandıran sualları cavablandırıb.
Görüşdən sonra qonaqlar üçün Sosial Xidmətlər Agentliyinin aparatında infotur təşkil olunub. İnfotur çərçivəsində uşaqlar Agentliyin struktur bölmələri, xidmətlərin göstərilməsi prosesi, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə iş qaydası və müvafiq sahələrdə tətbiq olunan innovativ yanaşmalarla yaxından tanış olublar.
Qeyd edək ki, layihə Milli Məclis, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və “Nar”ın maliyyə dəstəyi ilə icra olunur.