Miqrantların hər beş uşağından biri rus məktəblərinə yazıla bilib...

22 Noyabr 2025 23:16 (UTC+04:00)

Miqrantların hər beş uşağından yalnız biri (19 faiz) rus məktəblərinə qəbul üçün testdən uğurla keçib.

SİA xəbər verir ki, bu rəqəmi Rosobrnadzor rəhbəri Anzor Muzayev açıqlayıb.

Mütəxəssislər müraciət edənlərin nisbətən az faizini bir çox xarici ailələrin tam sənədlər paketini təqdim etməməsi və uşaqların rus dilini kifayət qədər bilməməsi ilə əlaqələndirirlər.

Regional nazirlərlə keçirilən milli görüşdə Rosobrnadzor əcnəbilərdən ən çox müraciət edən bölgələrdə test təcrübələrinin mübadiləsinə çağırıb.

...İndi biz bu məsələni araşdırmağa başlayırıq: uşaqlar arasında və məktəbdə mühit necədir, müəllimlər üçün nələr dəyişib və vəziyyət necə dəyişib, - Muzayev RİA Novosti agentliyinə verdiyi müsahibədə deyib.

Bu arada, Dövlət Duması miqrantların bəzi uşaqlarının məktəbə qəbul zamanı rus dili testindən azad edilməsi imkanını müzakirə edir.

Oxşar qanun layihəsi əvvəllər Dövlət Dumasında "Vahid Rusiya" partiyasının deputatı Konstantin Zatulin tərəfindən təqdim edilmişdi.

O, Belarusdan olan uşaqlar, həmvətənlərin köçürülməsi proqramının iştirakçıları və diplomatların ailələri üçün Rusiya məktəblərinə daxil olarkən məcburi rus dili imtahanının ləğv edilməsini təklif etmişdi.

Ötən ilin sonlarında Rusiya Prezidenti Vladimir Putin dövlət dilində danışmayan xarici uşaqların ölkədəki məktəblərə qəbulunu qadağan edən qanun imzaladı.

Bu ilin 1 aprel tarixindən etibarən məktəbə getmək istəyən uşaqlardan rus dili imtahanı vermələri tələb olunur. İmtahandan keçmək üçün "qənaətbəxş" qiymət kifayətdir. Əgər bal daha aşağıdırsa, uşaq əlavə rus dili tədrisindən keçə bilər.

İmtahan cəhdləri arasındakı interval ən azı üç aydır.

Nazlı Almuradova