Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, Bakı Tennis Akademiyasındakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA və Azərbaycan Minifutbol Federasiyasının (AMF) rəhbərliyi, eləcə də müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak ediblər.
İlk olaraq iştirakçı komandalar meydana dəvət olunublar. Ardınca Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Fərid Qayıbov tədbir iştirakçılarını salamlayıb. O, yarışın dördüncü dəfə təşkil edildiyini xatırladıb: "Artıq üç qalibimiz var. Onları beynəlxalq turnirlərə də yollayırıq. Bu yarış yüksək səviyyədə təşkil edilir. Bizi maraqlı mübarizə gözləyir. Dəstək olanlara, tərəfdaşlarımıza təşəkkür edirəm".
AMF-nin icraçı vitse-prezidenti Taleh Nəsibov iştirakçılara uğurlar arzulayıb:
"Turnirin davamlı keçirilməsi bizi sevindirir. Bu il Bakıda baş tutan minifutbol üzrə dünya çempionatının qalibi olmuşuq. Bu, ölkəmizdə minifutbolun inkişaf etdiyini göstərir. Dövlət qurumları isə ənənəvi turnirə diqqət ayırırlar".
Açılış mərasiminin bədii hissəsindən sonra turnirin ilk oyunu start götürüb.
Qeyd edək ki, yarış 2026-cı ilin mayında başa çatacaq.