Bakıda “Biznes Çin Dili Lüğəti” adlı yeni nəşrin təqdimat mərasimi keçirildi - FOTOLAR

24 Noyabr 2025 10:09 (UTC+04:00)

Bakıda “Biznes Çin Dili Lüğəti” adlı yeni nəşrin təqdimat mərasimi keçirildi. Qeyd edək ki, Azərbaycanda biznes yönümlü Çin dili lüğəti ölkəmizdə Çin dili tədrisi, beynəlxalq ticarət və şirkətlərarası kommunikasiya sahəsində boşluğu doldurur. SİA-nın verdiyi məlumata görə, tədbirdə dövlət qurumlarının nümayəndələri, alimlər, təhsil mütəxəssisləri, iş adamları və müxtəlif sahələri təmsil edən qonaqlar iştirak edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında Azərbaycan–Çin əlaqələrinin yüksələn dinamika ilə inkişaf etdiyini vurğulayaraq bildirib ki: “Biznes Çin Dili Lüğəti ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Bu kitab həm bizneslə məşğul olanların, həm gənclərin, həm də tələbələrin istifadəsi üçün dəyərli mənbə olacaq”.

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov lüğətin əhəmiyyətini qeyd edib. Bildirib ki, “Bu lüğət təkcə termin toplusu deyil, həm də Çin dilini öyrənmək istəyənlərin hazırlanmasına ciddi töhfə verən bir vəsaitdir. "Tədbirdə çıxış edən nəşrin müəllifi Xədicə Həsənzadə bildirib ki, 6 illik pedaqoji fəaliyyətə başladığı ilk illərdə əsasən biznes sahəsində çalışan insanlar Çin dilini öyrənmək üçün ona müraciət edirdilər. O qeyd edib ki: “Bizneslə məşğul olan şəxslər dərslərimə gəlir, ünsiyyətlə bağlı çətinliklərini paylaşırdılar. Ona görə də bu sahədə böyük bir boşluğun olduğunu gördüm. Biznes Çin dili üzrə lüğətinin olmadığı və bu ehtiyacı qarşılamaq üçün qərara aldım ki, ilk belə lüğəti məhz mən hazırlayım. Bu kitab sırf zərurətdən yarandı və həm təhsil, həm də biznes sahəsinə real dəstək məqsədi daşıyır”.

“Qanun” nəşriyyatının aparıcı redaktoru, yazıçı İlqar Rəsul nəşrin hazırlanma prosesindən danışaraq dedi ki, "Məqsəd yüksək keyfiyyətli, dəqiq və praktik bir lüğət ortaya çıxarmaq idi. Bu kitab bizneslə məşğul olanlara və bu dili öyrənmək istəyənlərə fayda verəcək”.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı İnkişaf kafedrasının müəllimi Ülviyyə Ataşova Çin dilinin əhəmiyyətinə diqqət çəkərək vurğulayaq qeyd etdi ki, "Qlobal iqtisadi mühitdə Çin dilini bilmək artıq zərurətdir. Bu lüğət həmin zərurətin ölkəmizdə qarşılanmasına mühüm dəstəkdir”.

Rabitəbankın meneceri, Odlar Yurdu Universitetinin müəllimi, fəlsəfə elmləri doktoru Kamil Allahverənov çıxışında biznes sahəsində Çin dilinin tətbiq imkanlarını dəyərləndirərək bildirib ki, bank sektoru, logistika sahələrində Çinlə əməkdaşlıq genişlənir. Bu lüğət əməkdaşlıq üçün praktiki baza yarada bilər- deyə qeyd etdi.

Azərbaycan Real Aikido Federasiyasının rəhbəri Fariz Abdullayev çıxışında Çin mədəniyyətinin və nizam-intizam fəlsəfəsinin idman sahəsi ilə olan yaxınlığını vurğuladı.

Tədbir iştirakçıları nəşri yüksək qiymətləndirərək, bu istiqamətdə yeni layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda vurğulanıb ki, kitabın müəllifi Xədicə xanımın bu sahədə gördüyü işlər ölkədə Çin dili tədrisi və biznes kommunikasiyası üçün yeni mərhələ açır.

Tədbirdə ənənəvi cin çay serimoniyası təqdim olundu, Çinin dünəni, bugünü haqda videoçarx göstərildi və iştirakçılara çin rəqsi nümayiş edildi.