“Vətən müharibəsindən xeyli əvvəl Azərbaycanda Böyük Qayıdış proqramı hazırlanmışdı. Azərbaycan xalqı və şəxsən cənab Prezident inanırdı ki, torpaqlarımız nə vaxtsa işğaldan azad olunacaq və biz o torpaqlara qayıdacağıq, insanlarımız yenidən məskunlaşacaq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu inamla da böyük hazırlıq görülürdü:
”Eyni zamanda bilirdik ki, Ermənistan həmin ərazilərdən çıxanda biz onların törətdiyi vəhşiliklərin şahidi olacağıq. Biz torpaqları minalanmış, evləri dağıdılmış, meşələri qırılmış, suları zəhərlənmiş şəkildə geri alacağımızı bilirdik – və bunu da gördük.
Qısa müddətdə əvvəlcə Ağalı kəndi, sonra isə ard-arda digər şəhər və kəndlərimizə qayıdış başladı. Bu, əvvəlcədən aparılan ciddi hazırlığın nəticəsidir. Baxmayaraq ki, beynəlxalq təşkilatlar bizə yardım edəcəklərini bildirmişdilər, amma bu gün Azərbaycan bərpa və quruculuq işlərini öz resursları hesabına həyata keçirir. Son 5 ildə 17,5 milyard manat vəsait xərclənib, ilin sonuna qədər bu rəqəmin 20 milyard manata çatacağı gözlənilir.
Bərpa prosesi sadəcə torpaqların, şəhər və kəndlərin yenidən qurulması deyil – burada ən müasir şəhərsalma prinsipləri tətbiq olunur. Yaşıl enerji, alternativ enerji mənbələri istifadə edilir. Yeni yollar və tunellər çəkilir ki, bu da dağ rayonlarına qışda da rahat gediş-gəlişə imkan yaradır. Bu gün Şuşa, Xankəndi, Laçın artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərə çevrilib. Müxtəlif ölkələrin liderləri, jurnalistlər, səfirlər, xarici ölkələrin nümayəndələri bu əraziləri ziyarət edir, Azərbaycanın təkcə döyüşkən deyil, həm də qurucu xalq olduğunu görürlər.
Bütün bu proseslər birbaşa cənab Prezidentin nəzarəti altındadır. O, son 5 ildə həmin bölgəyə yüzlərlə səfər edib, hər bir layihə onun birbaşa nəzarətində həyata keçirilir. Biz bu gün müasir Azərbaycanın nümunələrini Qarabağda və Şərqi Zəngəzurda görürük.
Çox çəkməz, sonuncu keçmiş məcburi köçkün də doğma yurduna qayıdacaq. Çox keçmədən orada müasir aqrofirmalar, zavod və fabriklər, günün tələblərinə cavab verən sanatoriyalar və istirahət mərkəzləri açılacaq. Qarabağ Universiteti və yeni məktəblər isə xalqımızın savadlı gələcəyinin təminatçısı olacaq. Azərbaycan xalqı torpağına, bu gününə və gələcəyinə sahib çıxmağın əsl nümunəsini göstərir”.