Təhsil sistemindəki problemlər niyə həllini tapmır? - EKSPERTİ AÇIQLADI

21 Noyabr 2025 16:40 (UTC+04:00)

“Müəllimlər ştata mütləq keçirilməlidir. Çünki bu beynəlxalq bir təcrübədir. Birinci növbədə müəyyən olunmalıdır ki, müəllim saat hesabı çalışır yoxsa ştatla çalışır. Əgər müəllim çalışdığı məktəbdə şatatla çalışırsa, o zaman həmin müəllim çalışdığı məktəbin tamhüquqlu üzvüdür”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib.

Onun sözlərinə görə, belə olan halda müəllim çalışdığı müəssisənin inkişafı üçün əlindən gələni etməlidir: “Emin Əmrullayev kütlə psixologiyasını çox gözəl bilir. Təhsil Naziri də, mətbuat və cəmiyyət də yaxşı bilir ki, ölkədə təhsil sistemi bərbad vəziyyətdədir. Hazırda bütün təhsil mərhələlərində yaranan problemlər elə Emin Əmrullayevin dövründə yaranan problemlərdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Emin Əmrullayev hər iki-üç aydan bir brifinq keçirir və hər brifinqdə cəmiyyətə yeni bir məlumat ortaya atmaqla, cəmiyyətin və mətbuatın diqqətini real problemlərdən yayındırır. Bu onun kütlə psixologiyasını bilməsinin bariz nümunəsidir. Bu gün istər məktəbəqədər, istər ümumtəhsil, istərsə də digər təhsil pillələrində yüzlərlə həllini gözləyən problemlər var ki, dərhal həll olunmalıdır. Nazir özü təhsil işçilərinə ikinci-üçüncü dərəcəli kadr kimi baxdığına görə və bu problemləri həll edə bilmədiyinə görə, vaxt aşırı olaraq müəllimlərin ştat məsələsini ortaya atır. Emin Əmrullayevin dediyi təklifin nə elmi, nə də hüquqi əsasları var. Bu sadəcə təklifdir.
Elmi araşdırmanı aparmalı olan Təhsil İnistutunun rəhbər heyətinin heç birinin elmi dərəcəsi yoxdur və təhsil sahəsi ilə bağlı hər hansısa bir elmi araşdırması mövcud deyil. Məsələnin digər bir tərəfi isə ondan ibarətdir ki, hüquqi əsas da yoxdur. Öncə bu sistemlə bağlı Nazirlər Kabinetinə təklif vermək lazımdır. Eyni zamanda müəyyən qaydalar qəbul olunmalıdır. Sual yaranır ki, əgər bu Nazirlər Kabineti ilə razılaşdırılmamış bir addımdırsa və eyni zamanda ölkə rəhbərliyi ilə razılaşdırılmamış bir addımdırsa Emin Əmrullayevin fikri varki bu sistemi 2027-ci ildə tətbiq etsin. Hələ biz bilmirik ki, 2027-ci ilədək nazir öz postunda olacaq yoxsa olmayacaq. Bundan başqa bu sistemə Nazirlər Kabinetinin necə reaksiya verəcəyi də məlum deyil.

Emin Əmrullayev subardinasiya qaydalarını kobud şəkildə pozur. O bildirir ki, 2027-ci ildə sertifikasiyadan keçən müəllimlər 2000 manatdan çox əməkhaqqı alacaq. Azərbaycanda əməkhaqqını cənab Prezident sərəncamla artırır. Yəni nazirin belə bir səlahiyəti yoxdur ki, əmək haqqı ilə bağlı indidən məlumat versin. Emin Əmrullayev yaxşı olardı ki, təhsil sahəsindəki problemlərlə məşğul olsun”.

İlkin Məmmədkərimov