“Çoxvektorlu siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir” - ŞƏRH

21 Noyabr 2025 14:00 (UTC+04:00)

"Azərbaycanın son illər apardığı çoxvektorlu xarici siyasət xüsusilə son aylarda ölkə Prezidentinin BMT, Danimarka, Orta Asiya dövlətləri və digər beynəlxalq platformalarda fəal iştirakı fonunda daha aydın görünür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, bu fəallıq təkcə diplomatik dinamizmin deyil, həm də Azərbaycanın regional, trans-regional və qlobal siyasət arenasında formalaşdırdığı yeni güc balansının göstəricisidir: "İlk olaraq qeyd edilməlidir ki, çoxvektorlu siyasət Azərbaycanın bir mərkəzdən asılı olmadan, müxtəlif siyasi, iqtisadi və təhlükəsizlik istiqamətlərində paralel əlaqələr qurmasına imkan verir. Prezidentin BMT-də iştirakı Azərbaycanın qlobal səviyyədə sülh, təhlükəsizlik, enerji sabitliyi və dayanıqlı inkişafla bağlı mövqeyini gücləndirir. Bu platforma ölkənin beynəlxalq legitimliyinin, söz sahibliyinin və diplomatik çəkisinin artmasına xidmət edir. Danimarka ilə əlaqələrə nəzər saldıqda, burada enerji keçidi, yaşıl enerji, külək layihələri və Şimal-Qərb Avropa bazarına çıxış baxımından strateji əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol artıq təkcə neft və qazla məhdudlaşmır, yaşıl enerji dəhlizlərinin formalaşdırılması ölkəni qlobal enerji arxitekturasında daha mühüm aktora çevirir.

Orta Asiya platformasında isə Azərbaycanın iştirakı regionlararası inteqrasiyanın mühüm elementidir. Xüsusilə nəqliyyat-kommunikasiya xəttləri (Zəngəzur dəhlizi konsepsiyası, Orta Dəhliz, Transxəzər marşrutu), təhlükəsizlik əməkdaşlığı və iqtisadi inteqrasiya ölkənin həm regional liderlik rolunu gücləndirir, həm də Mərkəzi Asiyadan Avropaya uzanan strateji qovşaq kimi mövqeyini möhkəmləndirir. Bu əlaqələr Azərbaycanı təkcə Qafqaz regionunun deyil, daha geniş coğrafiyanın logistik və iqtisadi mərkəzinə çevirir. Çoxvektorlu siyasətin əsas üstünlüyü ondadır ki, ölkə balanslaşdırılmış diplomatiya aparmaqla müxtəlif güc mərkəzləri arasında körpü rolunu oynayır. Bu yanaşma Azərbaycanın həm siyasi suverenliyini qoruyur, həm də təhlükəsizlik risklərini minimallaşdırır. Azərbaycanın Qərblə enerji və iqtisadi əməkdaşlığı, Türkiyə və Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı, eyni zamanda Qoşulmama Hərəkatındakı nüfuzu ölkənin çoxşaxəli xarici siyasət modelinin uğurlu işlədiyini göstərir.

Prezidentin son aylardakı beynəlxalq fəallığı Azərbaycanın çoxvektorlu siyasətinin təkcə nəzəri deyil, real siyasi praktikada uğurlu şəkildə tətbiq olunduğunu sübut edir. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunu artırır, regional güc balansında rolunu möhkəmləndirir və ölkənin gələcək siyasi-iqtisadi inkişafı üçün geniş imkanlar yaradır".