"Son illərdə ailə qurmaq yaşının yüksəlməsi, tendensiyanın arxasında tək bir səbəb deyil, bir neçə ciddi və bir-birini tamamlayan amil dayanır". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
_(1).jpg)
Onun sözlərinə görə, evlilik hər zaman müəyyən maddi təminat tələb edib: "Lakin son 15–20 ildə bu tələblər kəskin şəkildə artıb və demək olar ki, evliliyin “olmazsa-olmaz” şərtlərinə çevrilib. Xüsusilə də qızların ailə qurmaq istədikləri kişilərdən gözləntiləri maddi baxımdan əvvəlki dövrlərlə müqayisədə xeyli yüksəlib. Bu isə gənc oğlanlar üçün evliliyi daha gecikdirən iqtisadi baryer yaradır.
Digər tərəfdən, qızların ali təhsil imkanlarının genişlənməsi, onların karyera yönümlü düşüncəsinin güclənməsi də ailə qurma yaşına təsir edən mühüm faktordur. Karyeranı önə çəkən bir çox qadın 30–35 yaşa qədər ailə qurmağa tələsmir. Bu dövrdə isə psixoloji yanaşmalar dəyişir, bioloji motivasiya azalır, maddi müstəqillik artdığı üçün qadınlar özlərini evliliyə ehtiyaclı hiss etmirlər. Hətta bəzən həyat yoldaşını öz azadlığını məhdudlaşdıran baryer kimi görmək tendensiyası yaranır.
Bu proses oğlanlara da dolayı təsir edir. Rəsmi nikahdan yayınaraq vətəndaş nikahına meyl edən gənclərin sayı artır ki, bu da həm dini baxımdan doğru deyil, həm də cəmiyyətin mental dəyərləri ilə uzlaşmır.
Sosial-mədəni dəyişikliklərə yalnız təhsil və karyera amilləri deyil, müasir həyat tərzi və qidalanma vərdişləri də təsir edir. Fast-food və kimyəvi tərkibli qidaların artması gənclərin ümumi fiziki durumuna mənfi təsir göstərir. Eyni zamanda ailələrdə uşaqların həddindən artıq həssas və müdafiəkar şəkildə böyüdülməsi onların əvvəlki nəsillərlə müqayisədə daha zəif iradəli və məsuliyyətdən qaçmağa meylli olmasına səbəb olur.
Bu gün bir çox gənc ailə məsuliyyətini əlavə yük kimi qəbul edir və bundan bacardıqları qədər yayınmağa çalışırlar. Onlar düşünürlər ki, evlənmək şəxsi azadlıqlarını məhdudlaşdıracaq. Halbuki insanın həyatda ən təbii missiyalarından biri ailə qurmaq və nəsil davam etdirməkdir.
Ailə qurma yaşının yüksəlməsi həm iqtisadi şərtlərin yaratdığı məcburi proses, həm də sosial-mədəni dəyişikliklərin təsiridir. Bu iki xətt bir-birini gücləndirir və nəticədə gənclərin evliliyi gecikdirməsinə səbəb olur".