"Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümüdür. Sovetlərin son dönəmində Qorboçovun yenidənqurma siyasəti çərçivəsində formalaşan təsisatlardan, “hərəkatlardan” fərqli olaraq YAP heç vaxt imitasiya təşkilatı olmayıb, xalqın nicatının Heydər Əliyev yolunda olduğuna inanan, ölkənin siyasi, mədəni, elm və təhsil dairələrinin qaymaqları hesab olunann ziyalıların Ulu Öndər kursu ətrafında birləşməsi ilə formalaşıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, 1992-ci il noyabrın 21-də 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı, Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilən təsis konfransında yaradılan YAP 1993-cü ildən sonrakı dövr üzrə Azərbaycanın tarixində əsas hərəkətverici qüvvə olub:
"İndiki sosial media dövründə ən asan məsələ tənqid etməkdir. Ən cətin, ən cəsarətli olanı isə haqq bildiyin işi müdafiə etməkdir. 33 ildir ki, bu cəsarətli mövqeyini qoruyan YAP müstəqil Azərbaycan tarixində hansısa kənar gücün, başqa dövlətin maraqlarının təmini üçün yox, milli mənafelər rəhbər tutulmaqla zamanın tələbi ilə yaranmış ilk partiyadır. Azərbaycanın parçalanmadan, müstəqilliyin itirilməsindən xilası missiyasında Ümummilli Liderin, iqtisadi müstəqilliyin təmini, ən müasir ordu quruculuğu, işğal və təcavüzə son qoyulması, milli həmrəyliyə nail olunması istiqamətində isə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasətinin realizəsində rəhbərlik etdikləri YAP müstəsna rola malik olmuşdur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Partiya Sədrinin Birinci müavini təyin olunması isə YAP tarixində keyfiyyət baxımdan tamamilə yeni bir dövrün, islahat, arınma mərhələsinin başlanğıcı oldu və nəticədə bu gün artıq YAP gəncliyin, müasirliyin partiyasına transformasiyasına nail olmaqdadır. Eyni zamanda qürurla deməliyəm ki, YAP-ın təsis olunduğu Naxçıvandan sonra ilk rayon təşkilatı təmsil etdiyim Biləsuvarda yaradılıb.Belə ki, 33 il əvvəl, Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra Ümummilli Liderin səsinə səs verən ilk bölgə məhz Biləsuvar olmuş, 12 yanvar 1993-cü ildə Partiyanın Biləsuvar rayon təşkilatının təsis konfransı keçirilmişdir".