Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb - DİN

21 Noyabr 2025 11:27 (UTC+04:00)

Noyabrın 20-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 229, o cümlədən borclu şəxs qismində axtarışda olan 213 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 12 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 15 fakt müəyyən edilib. Polis əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 2 tapança, 1 qumbara, 12 tüfəng və 29 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər də saxlanılıb.