"Azərbaycan mina təmizlənməsini öz gücü ilə aparır" - ŞƏRH

21 Noyabr 2025 11:23 (UTC+04:00)

"Ağdərədə baş verən son hadisələr bir daha göstərdi ki, ermənilərin mina terroru Azərbaycana qarşı hələ də davam edir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Təəssüf ki, həlak olan və yaralananların sayı artır. Bu isə onu göstərir ki, 30 illik işğal dövründə ermənilər torpaqlarımızdan çıxarılsa da, minalarla bağlı törətdikləri terror aktları bu gün də davam etməkdədir.

Dünyanın bu mina terroruna qarşı hələ də ciddi reaksiya verməməsi təəssüf doğurur. Ermənistan sülh müqaviləsinə dair bəyanatlar versə də, real addımlar atmır və minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etmir. Bu isə azad olunmuş ərazilərin mina təmizlənməsi prosesini həm ləngidir, həm də çoxsaylı çətinliklər yaradır.

Azərbaycan bu prosesləri öz gücü ilə həyata keçirir. Qeyd edilməlidir ki, mina təmizlənməsi dünyada ən çətin və ən baha başa gələn əməliyyatlardan biridir. Buna baxmayaraq, azad edilmiş ərazilərdə bu işlər yüksək templə və dövlətin daxili resursları hesabına aparılır.

Lakin mina təhlükəsi beynəlxalq məsələ olduğuna görə, bu prosesdə beynəlxalq təşkilatların və bu sahədə təcrübəsi olan ölkələrin dəstəyi vacibdir. Təəssüf ki, bu istiqamətdə ciddi yardım müşahidə olunmur.

Təhlükənin qarşısını almaq üçün hazırda həmin ərazilərə insanların tam şəkildə girişinə imkan verilmir. Eyni zamanda, dövlətin prioritetlərindən biri bu torpaqları minalardan təmizləmək və orada insanların təhlükəsiz şəkildə yaşamasını təmin etməkdir.

Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu prosesdə daha aktiv iştirak etməli və birgə fəaliyyət göstərilməlidir. Bu halda mina təmizlənməsi prosesi sürətlənər və insan itkisi riski azalar".