"Ümumiyyətlə, hazır paketlənmiş salatlar, meyvələr və dilimlənmiş məhsullar, əgər istehsal tarixi düzgün qeyd olunubsa və soyutma–qida zəncirinə düzgün əməl olunubsa, təhlükəsiz sayılır". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.
.jpg)
Onun sözlərinə görə, lakin bu məhsullar mikrobioloji baxımdan ən həssas qida qrupuna aiddir və bu, bir mənalı şəkildə bilinməlidir.
Riskli olduqları üçün onların tez xarab olma səbəbləri və insan sağlamlığına təsiri baxımından bəzi mühüm məqamlara diqqət yetirmək vacibdir.
Meyvələr kəsildikdən sonra onların təbii qoruyucu səthi pozulur və bakteriyaların çoxalması üçün əlverişli şərait yaranır. Bu zaman avadanlıqlarla, toxunma və ya digər fiziki kontaktlar vasitəsilə Salmonella və Listeria kimi patogenlərin yayılma riski artır.
Əgər bu məhsullar 2–5°C temperaturda saxlanılmırsa, bakteriyalar intensiv şəkildə çoxalmağa başlayır. Xüsusilə Listeria bakteriyası soyuducu şəraitdə belə inkişaf edə bildiyindən bu, çox ciddi risk yaradır.
Bu səbəbdən məhsulların təhlükəsiz şəkildə istehsalı, daşınması və satışa təqdim olunması üçün xüsusi texnoloji proseslər tətbiq edilir. Ən geniş yayılmış üsul qazla modifikasiya olunmuş qablaşdırmadır. Bu proses zamanı qabın içindəki hava xüsusi qaz qarışığı ilə əvəz edilir; əsasən karbon qazı artırılır, azot isə balans üçün əlavə olunur. Bu, konservant deyil, sadəcə oksidləşməni və mikrobioloji artımı ləngidən texnologiyadır.
Eyni zamanda, məhsullar xüsusi antimikrob yuyucu məhlullarla (məsələn, ozonlu su və sitrat əsaslı məhlullar) təmizlənir. Bunlar səthdə qalmır, yalnız mikrobların yuyulub təmizlənməsinə xidmət edir. Rəngin qaralmasının qarşısını almaq üçün də təbii stabilizatorlardan istifadə olunur.
Bütün bu tədbirlərə baxmayaraq, bu məhsullar yenə də həssas qida qrupuna daxildir. Ona görə də qablaşdırma üzərindəki məlumatlar — istehsal tarixi, qablaşdırma tarixi və son istifadə tarixi düzgün və aydın şəkildə göstərilməlidir.
Qablaşdırma açıldıqdan sonra məhsul maksimum 24 saat ərzində istifadə olunmalıdır. Əgər məhsulda xoşagəlməz qoxu, rəng dəyişikliyi və ya başqa bir dəyişiklik müşahidə olunarsa, həmin məhsul istehlak edilməməlidir və dərhal kənarlaşdırılmalıdır".