Hazırda dönərxanalarda vəziyyət nə yerdədir? - MÜTƏXƏSSİS AÇIQLADI

20 Noyabr 2025 17:00 (UTC+04:00)

Tez-tez paytaxt ərazisində hər hansı bir dönərxananın bağlandığını müşahidə edirik. Bunlara səbəb isə həmin dönərxanalarda gigiyenik qaydalara riayət olunmaması və yaxud satılan dönərin at və ya eşşək ətindən hazırlanması olub.

Bəs, bu gün dönərxanalara nəzarət yetəri qədər qənaətbəxşdirmi? Hazırda dönərxanalarda vəziyyət nə yerdədir?

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, son dövrlərdə dönərxanalarda baş verən kütləvi zəhərlənmə halları cəmiyyətdə ciddi narahatlıq yaradıb:

"Azərbaycan qida bazarında geniş yayılmış və gündəlik olaraq minlərlə insanın istifadə etdiyi dönər məhsullarında müşahidə olunan sanitar-gigiyenik pozuntular bu narahatlığın əsas səbəblərindən biridir. AQTA-nın apardığı monitorinqlərin nəticələri göstərir ki, bir çox dönərxanada vəziyyət heç də ürəkaçan deyil: həm ətin keyfiyyəti, həm də hazırlıq və saxlanma şəraiti ilə bağlı ciddi çatışmazlıqlar aşkar edilir. Xüsusən də müştəri cəlb etmək üçün dönərin üzərində içkinin pulsuz verilməsi, yeməyin həddindən artıq ucuz qiymətə satılması diqqət çəkir. Bu, bir tərəfdən dönəri daha əlçatan edir, digər tərəfdən isə belə aşağı qiymətə keyfiyyətli və təhlükəsiz məhsul təqdim olunmasının nə dərəcədə mümkünlüyü ilə bağlı suallar yaradır. Nəticədə məktəblilərdən tutmuş yaşlı insanlara qədər hər kəs bu riskli məhsulun potensial istehlakçısına çevrilir.

Hazırda baş verə biləcək xoşagəlməz halların qarşısını almaq üçün yeni qaydalar qəbul olunub və onların tətbiqi ciddi nəzarət tələb edir. Ən vacib şərtlərdən biri dönərlərdə istifadə edilən ətin AQTA tərəfindən yoxlanılmış, mənşəyi müəyyən edilən və sertifikatlaşdırılmış ət olmasıdır. Bununla yanaşı, məhsulun daşınması, saxlanılması və emal edilməsinin qaydalara uyğun şəkildə həyata keçirilməsi də insan sağlamlığının qorunması üçün əsas şərtlərdəndir. Xatırlatmaq lazımdır ki, ət zülal mənşəli qida olduğundan yüksək risk daşıyır. Düzgün temperatur rejimi saxlanılmadıqda, ətin içərisində olan mikroorqanizmlər çox sürətlə artır və qida qısa müddətdə xarab olur. Bu isə onun həm dadına, həm də insan sağlamlığına təhlükə yaratmasına səbəb olur. Belə ətlərin istifadəsi qida zəhərlənmələrinə, hətta daha ağır fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən həm sahibkarların məsuliyyətli davranması, həm də müştərilərin daha diqqətli olması vacibdir. Qida təhlükəsizliyi tək dövlət qurumlarının deyil, cəmiyyətin hər bir üzvünün sağlamlığına birbaşa təsir edən mühüm məsələdir".