TDT-yə üzv dövlətlərin ədliyyə nazirlərinin 2-ci iclası Bakıda keçirilib - FOTOLAR

20 Noyabr 2025 16:44 (UTC+04:00)

Noyabrın 20-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ədliyyə nazirləri Bakıda keçirilən toplantı çərçivəsində bir araya gəliblər. SİA xəbər verir ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, Şəhidlər xiyabanında və Zəfər parkında olub, şəhidlərimizin xatirəsini anıblar.

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə baş tutan iclasda Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç, Özbəkistan Respublikasının ədliyyə naziri Əkbər Taşkulov, Qazaxıstan Respublikasının ədliyyə naziri Yerlan Sarsembayev, Qırğız Respublikasının ədliyyə nazirinin müavini İsgəndər Sıdıqalıyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

Görüş çərçivəsində 9 sentyabr 2024-cü ildə imzalanmış Astana Bəyannaməsində nəzərdə tutulan istiqamətlər üzrə görülmüş işlərin icra vəziyyəti müzakirə olunub, üzv dövlətlər arasında hüquq və ədliyyə sahəsində əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə Astana Bəyannaməsinin müddəalarına uyğun olaraq, üzv dövlətlər tərəfindən hüquq və ədliyyə sahəsində rəqəmsal transformasiya və innovativ həllərin tətbiqi üzrə həyata keçirilən işlər və qabaqcıl təcrübələr təqdim olunub, hərtərəfli və funksional elektron ədliyyə sisteminin xidmət keyfiyyətini artırması, prosesləri sadələşdirməsi və istifadəçi yönümlü mühitin formalaşmasına töhfə verməsi qeyd edilib və qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib.

Görüş zamanı TDT-yə üzv dövlətlərin ədliyyə nazirlikləri arasında mülki işlər üzrə hüquqi yardım haqqında Azərbaycanın təşəbbüsü ilə çoxtərəfli Saziş layihəsinin hazırlanması istiqamətində Ekspert Qrupunun fəaliyyəti, eləcə də Məhkəmə Ekspertizasının Mərkəzləşmiş Şəbəkəsinin yaradılması üzrə yaradılmış İşçi Qrupunun gördüyü işlər diqqətə çatdırılıb. İştirakçılar TDT-yə üzv dövlətlərin ədliyyə nazirliklərinin 3-cü iclasının 2026-cı ildə Türkiyə Respublikasında keçirilməsi barədə razılığa gəliblər.

Qonaqlar görüşün yüksək səviyyədə təşkilinə görə ədliyyə naziri Fərid Əhmədova dərin minnətdarlıqlarını bildiriblər və Azərbaycan tərəfinin səmimi qonaqpərvərliyini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, TDT-yə üzv dövlətlərin ədliyyə nazirlərinin ilk iclası ötən il Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilib.