Kişi müəllimlər bağçalara necə cəlb oluna bilər? - EKSPERT AÇIQLADI

20 Noyabr 2025 15:49 (UTC+04:00)

Son dövrlərdə uşaq bağçalarına kişi müəllimlərin cəlb olunması geniş müzakirə olunur. Hazırda bağça müəllimlərinin böyük əksəriyyəti qadınlardır və uşaqların erkən yaşda kişi rol modellərini görməsi çox vaxt nəzərə alınmır. Dünyada bu təcrübənin uşaqların sosial və emosional inkişafina müsbət təsir etdiyi sübut olunub. Bəs, kişi müəllimlər bağçalara necə cəlb oluna bilər?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, artıq dünya təcrübəsi Azərbaycanın təhsil sisteminə müəyyən qədər inteqrasiya olunmağa başlayıb:

"Müasir pedaqoji yanaşmalar, inklüzivlik və gender bərabərliyi prinsipləri ölkəmizin məktəbəqədər təhsil müəssisələrinə də təsir göstərir. Bu kontekstdə kişi müəllimlərinin bağçalara cəlb olunması ilə bağlı fikirlər son illərdə daha tez-tez səslənir və cəmiyyət tərəfindən müsbət qarşılanmağa başlayır. Bu, təhsil sistemində yenilənmə və müasir standartlara uyğunlaşma baxımından son dərəcə vacib və sevindirici bir tendensiyadır.

Uzun illərdir ki, cəmiyyətdə bağça müəllimlərinin və ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrində çalışan bütün əməkdaşların yalnız qadınlardan ibarət olması barədə stereotip hökm sürüb. Bu stereotip kişi pedaqoqların potensialını kölgədə qoymaqla yanaşı, uşaqların sosial-emosional inkişafına da müəyyən məhdudiyyətlər yaradır. Halbuki dünya ölkələrinin təcrübəsi göstərir ki, kişi və qadın pedaqoqların balanslı təmsilçiliyi uşaqların sosial bacarıqlarının formalaşmasında, gender müxtəlifliyini anlamaqda və sağlam rol modellərinə sahib olmasında mühüm rol oynayır.

Son illər Azərbaycanda da bu mövzuya maraq artmaqdadır. Valideynlər və təhsil mütəxəssisləri arasında kişi müəllimlərinin bağçalarda çalışmasının üstünlükləri barədə anlayış formalaşmağa başlayır. Bu, həm də məktəbəqədər təhsil sahəsində kadr çatışmazlığının aradan qaldırılmasına töhfə verə bilər.

Gözlənilir ki, yaxın 3–5 il ərzində ölkəmizdə bu tendensiya daha da güclənəcək, kişi pedaqoqların bağçalarda işləməsinə maraq artacaq və cəmiyyətin bu məsələyə yanaşması daha pozitiv olacaq. Nəticədə məktəbəqədər təhsildə həm peşəkarlıq səviyyəsi yüksələcək, həm də daha inklüziv və balanslı bir mühit formalaşacaq".