Salyanda “Yaşıl park” restoranında nöqsanlar aşkarlanıb - FOTOLAR

20 Noyabr 2025 16:23 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan şəhəri, A.Həsənov küçəsində fiziki şəxs Fidan Fəxrəddin qızı Əliyevaya məxsus “Yaşıl park” restoranında yoxlama aparıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə obyektində temperaturun monitorinqinin aparılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, mətbəxdə tavanın, döşəmənin, divarların və işçi masaların asan yuyulabilən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, çirkli suların axıdılması üçün drenaj sisteminin quraşdırılmadığı, obliqat qrupuna daxil olan işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək mətbəxdə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.