Mərkəzi Gömrük Hospitalınında “Kolostoma və parakolostomik ağırlaşmalar” mövzusunda təlim keçiriləcək

20 Noyabr 2025 16:22 (UTC+04:00)

21 noyabr 2025-ci il tarixində saat 15.00-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Kolostoma və parakolostomik ağırlaşmalar” mövzusunda təlim keçiriləcək.

Seminarda Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, yüksəkixtisaslı ümumi cərrah, t.ü.f.d., Dr. Namiq Novruzov seminar iştirakçılarına kolostomanın aparılması texnikası, əməliyyatdan sonrakı dövrdə mümkün ağırlaşmalar, parakolostomik fəsadların erkən aşkarlanması və müasir müalicə yanaşmaları barədə ətraflı məlumat verəcək.
Təlim çərçivəsində klinik hadisələr üzrə real nümunələr təqdim olunacaq, sual-cavab sessiyası keçiriləcək və rezidentlərin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə interaktiv müzakirələr aparılacaq. Seminar ixtisaslı həkimlər və tibb rezidentləri üçün açıqdır. Öncədən qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat və əlavə məlumat üçün: (051) 232 66 64.