Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

20 Noyabr 2025 16:19 (UTC+04:00)

Prezident İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun davamlı inkişafına dair verdiyi tövsiyələrə uyğun olaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) üzvlüyə qəbul prosesini ardıcıl və sistemli şəkildə həyata keçirir. Bu istiqamətdə tam şəffaflıq, obyektivlik və bərabərlik prinsiplərinə əsaslanan ixtisas imtahanlarının təşkili təmin edilib. Cari ilin noyabrın 20-dən etibarən yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran 65 nəfər vəkilliyə namizəd üçün Ədliyyə Akademiyasında icbari təlimlərə start verilib. Bu barədə SİA-ya VK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlim proqramı gələcək vəkillərin peşə hazırlığının artırılması, praktiki bilik və bacarıqlarının möhkəmləndirilməsi, habelə vəkil fəaliyyətinə dair etik və hüquqi tələblərin mənimsədilməsi məqsədi daşıyır.

Təlimin ilk günündə keçirilən açılış mərasimində çıxış edən Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev vəkilliyə namizədləri təbrik edərək onlara uğurlar arzulayıb. Təlimin əhəmiyyətindən danışan rektor nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların mənimsənilməsinin vacibliyini dilə gətirib.

VK Rəyasət Heyətinin sədri Anar Bağırov yeni təlim mərhələsinin açılışında çıxış edərək diqqətə çatdırıb ki, bu proqram yalnız nəzəri biliklərin artırılmasına deyil, həm də peşə hazırlığının təkmilləşdirilməsinə, praktiki bacarıqların gücləndirilməsinə və beynəlxalq təcrübənin öyrənilməsinə hesablanıb. Təlim məzmunu müasir hüquqi çağırışlara adekvat şəkildə formalaşdırılıb və gələcək vəkillərin ədalət mühakiməsində rolunu daha da gücləndirmək məqsədi daşıyır.

Anar Bağırov vəkilliyə qəbul prosesinə dair detallı məlumat verərək qeyd edib ki, test mərhələsi kollegiya və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə geniş müşahidəçilik imkanları altında - yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə tam şəffaf və obyektiv şəraitdə keçirilib. Şifahi mərhələdə isə obyektivliyin təmin olunması üçün videoyazı sisteminin tətbiqi və bütün namizədlərə eyni məzmunlu sualların təqdim edilməsi prinsipi əsasında prosesin dürüstlüyü qorunub.

Eyni zamanda, sədr çıxışında təlimlərin tematik istiqamətlərindən söz açaraq insan haqlarının müdafiəsi, vəkil etikası və digər aktual sahələr üzrə məşğələlərin nüfuzlu ekspertlərin iştirakı ilə keçirildiyini bildirib.

Sədr təlimə başlayan 65 namizəd arasında gender balansı və yaş dinamikasının müsbət olduğunu diqqətə çatdıraraq deyib ki, iştirakçıların 27-si qadın, 38-i isə kişidir. Namizədlərin 55 nəfəri, yəni 85 faizi 40 yaşadək olan şəxslərdir və bu göstərici vəkillik institutunun daha da gəncləşdiyini nümayiş etdirir. Sədr əlavə edib ki, təlim iştirakçılarının 90 faizi (58 nəfər) paytaxtdan, 10 faizi (7 nəfər) isə regionlardan müraciət edən şəxslərdir.

Anar Bağırov nitqində vəkillərin peşə fəaliyyətinin əsas prinsiplərinə də toxunaraq qeyd edib ki, hər bir vəkil peşə borcunu vicdanla yerinə yetirməli, etik davranış kodeksinə ciddi əməl etməli, vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərməli, qeyri-qanuni hərəkətlərə və qeyri-prosessual münasibətlərə yol verməməlidirlər.

Sədr xüsusi vurğulayıb ki, formal fəaliyyət və qeyri-prosessual davranışlar institutun nüfuzuna xələl gətirir və kollegiya bu cür hallara qarşı qətiyyətli mövqedədir.

Açılış mərasimi VK sədrinin “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda geniş məruzəsi ilə davam edib.