"Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunan iclas bölgədə aparılan bərpa, təhlükəsizlik və reinteqrasiya proseslərinin miqyasını və strateji əhəmiyyətini bir daha göstərdi. Son 5 ildə həyata keçirilən işlər Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə sistemli, planlı və mərhələli quruculuq siyasəti apardığını nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, bu fəaliyyət təkcə infrastruktur layihələrindən ibarət deyil, həm də tamamilə yeni idarəetmə modelinin formalaşdırılmasına xidmət edir: "Əlaqələndirmə Qərargahının yaradılması özü-özlüyündə post-münaqişə dövrünün tələblərinə cavab verən müasir və çevik idarəetmə mexanizmidir. Bu qurumun işi nəticəsində müxtəlif dövlət strukturlarının fəaliyyəti bir mərkəzdən koordinasiya olunur, resursların daha səmərəli istifadəsi təmin edilir və paralel proseslərin qarşısı alınır. Son 5 ildə bu model bərpa prosesində həm çevikliyi, həm də nəticəyə yönümlülüyü ilə ciddi effektivlik nümayiş etdirdi. Zəngilanda görülən işlər arasında infrastrukturun bərpası, yolların, körpülərin və enerji xətlərinin çəkilməsi, yeni yaşayış məntəqələrinin salınması, kənd təsərrüfatı və sənaye layihələrinin həyata keçirilməsi, həmçinin mina təmizləmə əməliyyatlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu fəaliyyət regionda normallaşmanın fundamental əsaslarını yaradıb və insanların təhlükəsiz şəkildə geri qayıtması üçün zəruri şərait formalaşdırıb.
Bundan əlavə, Əlaqələndirmə Qərargahının fəaliyyəti Zəngilanı Qarabağ və Şərqi Zəngəzurun strateji mərkəzlərindən birinə çevirib. Zəngilanın coğrafi mövqeyi - Zəngəzur dəhlizinin keçdiyi potensial marşrutlardan biri olması - bölgənin iqtisadi və logistika baxımından gələcək rolunu daha da artırır. Məhz buna görə aparılan bərpa işləri yalnız lokal çərçivədə deyil, həm də regional geosiyasi və iqtisadi reallıqlar kontekstində mühüm əhəmiyyət kəsb edir. Bu 5 illik fəaliyyət həmçinin Azərbaycanın dünyaya verdiyi əsas siyasi mesajlardan biridir: Azərbaycan öz azad edilmiş ərazilərini nəinki yenidən qurur, həm də onları regional inkişafın mühüm mərkəzinə çevirir. Ermənistan tərəfindən uzun illər dağıdılmış bu torpaqlar bu gün müasir şəhərsalma, davamlı inkişaf və ağıllı idarəetmə prinsipləri əsasında yenidən formalaşdırılır. Bu, dövlətin strateji iradəsinin və güclü siyasi rəhbərliyinin göstəricisidir.
Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyəti Azərbaycanın post-münaqişə dövründə yaratdığı yeni idarəetmə sisteminin uğurunu nümayiş etdirir. Bu model yalnız Zəngilanda deyil, bütün azad edilmiş ərazilərdə dayanıqlı inkişafın baza mexanizmi kimi formalaşır və bölgənin gələcək siyasi, iqtisadi və sosial xəritəsini müəyyənləşdirir".