"Müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişaf etməsi, sosial şəbəkələrin və internet mediasının genişlənməsi tez-tez belə bir fikir yaradır ki, guya ənənəvi media - xüsusilə qəzet və jurnallar artıq öz aktuallığını itirib. Bir çoxları düşünür ki, qəzetlərin dövrü keçib, artıq yalnız elektron media və onlayn platformalar “dəbdədir”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Qulu Məhərrəmli deyib
Onun sözlərinə görə, lakin medianın tarixən inkişafına nəzər saldıqda, yeni texnologiyaların meydana çıxması ilk mərhələdə belə stereotiplərə yol açsa da, zaman keçdikcə hər bir media növünün özünəməxsus yerinin və funksiyasının olduğu aydın şəkildə üzə çıxır: "Əslində, dünya təcrübəsi göstərir ki, ənənəvi media nəinki mövcuddur, həm də bir çox ölkələrdə böyük oxucu auditoriyasını hələ də qoruyub saxlayır. Məsələn, Avropanın aparıcı ölkələrində və Yaponiyada tirajı 1 milyon, 1,5 milyon, hətta 5 milyon olan qəzetlər günümüzdə də çap olunur. Bu fakt onu göstərir ki, qəzet və jurnallar informasiya məkanında hələ də mühüm rol oynayır və bu rol uzun illər davam edəcək.
Söhbət onların sıradan çıxmasından deyil, yeni dövrün çağırışlarına necə uyğunlaşa bilməsindən gedir. Təbii ki, indi oxucu sayı əvvəlki kimi deyil və bu reallıq medianın özünü yeniləməsini zəruri edir. Məsələn, bu gün bizdə də qəzetlərin gündəlik deyil, həftəlik nəşrinə keçilməsi barədə qərar qəbul olunub. Bu, qlobal tendensiyalara uyğunlaşdırılmış addımdır. Əgər bir qəzet dövrün trendlərini, texnoloji yenilikləri duya bilirsə, elektron versiyasını inkişaf etdirirsə, rəqəmsal platformalarla çap variantı arasında sağlam əlaqə yaradırsa, o zaman böhrandan çıxmaq və fəaliyyətini davam etdirmək tam mümkündür. Əks halda, ümumi informasiya axınının içində itib-batmaq və auditoriyanı itirmək qaçılmaz olur.
Bu baxımdan, mən “qəzetlər ölür” və ya “onlar artıq lazım deyil, yalnız internet mediası yaşayacaq” kimi fikirlərlə razılaşmıram. Ənənəvi media sadəcə yeni şəraitə uyğunlaşmalıdır. Qəzetin dəyəri onun informasiyanı necə təqdim etməsində, analitik dərinliyində, peşəkarlığında və etibarında özünü göstərir. İnternet mediasının sürətinə qarşı qəzetlər daha təhlilçi, daha məsuliyyətli və daha peşəkar informasiya təqdim etməklə öz mövqelərini qorumağa davam edə bilərlər. Nəticə olaraq, medianın hər bir forması - həm elektron, həm də ənənəvi informasiya ekosistemində tamamlayıcı rol oynayır. Bu gün əsas məsələ hansı medianın yaşayıb-yaşaya bilməyəcəyi deyil, hansı medianın dəyişən dövrə uyğunlaşa biləcəyidir. Yəni, ümumiyyətlə götürəndə mən bu fikrin əleyhinəyim ki, qəzetlər ölür, onlar lazım deyil, ancaq elektron mediası, internet mediası işləyəcək, bu fikrin tərəfdarı deyiləm".