Ölkədə illərdir qəbul olunan bəzi qanunlar var ki, qəbul olunsa da kağız üzərində qalıb. Yəni tətbiq olunmur. Məsələn, küçəyə zibil atmaq qanunvericiliyə görə hüquqi məsuliyyət yaradır. Lakin illərdir tətbiq olunmur.

Mövzu ilə bağlı hüquqşünas Şamil Paşayev SİA-ya açıqlamasında bildirdi ki, əslində inzibati və cinayət qanunvericiliyində kağız üzərində qalan qanun demək olar ki, yoxdur: “Əməl törədilirsə adiyyatı olaraq cəza tədbirləri və ya tənbeh tədbirləri həyata keçirilir. Əgər konkret olaraq, hər hansısa bir qurum öz üzərinə düşən işi görmürsə, məsuliyyət tədbirləri həyata keçirmirsə, buna görə də vətəndaşların yuxarı orqanlara və yaxud da məhkəməyə müraciət etmək hüququ var. Kağız üzərində qalan qanun başqa hər hansısa bir sahədə ola bilər, ancaq konkret olaraq cinayət məcəlləsində və inzibati xətalar məcəlləsində belə bir hal demək olar ki, mümkün deyil. Çünki burda ictimayyətin və cəmiyyətin də maraqlarına toxunur. Başqa şəxslər şikayətçi ola bilirlər. Ona görə də əksər hallarda qanunları kağız üzərində saxlamaq mümkün deyil. Yerə zibil atmaq, maşından çölə siqaret atmaqla bağlı qanunvericilikdə qəbul olunan qanunlar kağız üzərində qalmayıb. Yəni polis bu cür hərəkətlər edən insanları cərimə edir. Ancaq bu cür hərəkətlər edən insanların hamısını tapmaq mümkün deyil. İnsanlar polis olmayan yerdə yenə də küçəyə zibil atırlar. Bu məsələ hüquqdan çox əxlaq məsələsidir. Yəni bunlar olmadığına görə insanlar yenə də küçəyə zibil atırlar”.
Müəllif: İlkin Məmmədkərimov