Külli miqdarda narkotik vasitənin uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

20 Noyabr 2025 14:37 (UTC+04:00)

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. SİA-nın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından uçuş aparatı vasitəsilə narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.