"Real bilik səviyyəsi ilə nəticələr fərqlidir" - AYDINLIQ GƏTİRİLDİ

20 Noyabr 2025 14:22 (UTC+04:00)

"Buraxılış və eləcə də blok imtahanlarının nəticələri ilə real bilik səviyyəsi arasında böyük fərq var. Ümumilikdə, qəbul prosesini təşkil edən hər iki növ imtahanda nəticələr fərqli-fərqli müstəvilərdə müzakirə olunur". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

O bildirib ki, xüsusilə hər il buraxılış imtahanlarından sonra Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən nəticələrin elmi-statistik təhlilləri aparılır: "Həmin təhlillər yalnız təhsilin məzmun xətləri əsasında aparılır.

Təhsil sistemində əsas əhatə dairəsi məzmun xətləridir. Oxuyub-anlama, qavrama kimi məzmun xətləri var və bütün fənlərdə bu xətlərə xidmət olunur. Məzmun xətləri isə şəxsiyyət yönümlü şagird formalaşdırmağa xidmət edir. Məktəbin funksiyası da əsasən bundan ibarətdir.

Dövlət İmtahan Mərkəzi, özlərinin dediyinə görə, buraxılış və blok imtahanları üçün sualları məzmun standartlarına əsasən hazırlayır. Onlar bildirirlər ki, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş məzmun standartları var və biz bu çərçivədən kənara çıxmadan sualları hazırlayırıq. Problem isə nədə yaranır? Problem ondadır ki, bugünkü tədris həmin məzmun standartlarına uyğun şəkildə həyata keçirilmir. İmtahan nəticələri ilə real bilik səviyyəsi arasında fərqin əsas səbəbi də məhz budur. Yəni, sənədlərdə olan standartlara əsasən suallar hazırlanır, amma heç kim diqqət etmir ki, bu mexanizm məktəblərdə tətbiq olunur, ya yox. Əslində isə bu yoxlanmalıdır.

Monitorinq aparılmır ki, doğrudan da bu standartlara uyğun tədris keçirilir, ya yox. Bu uyğunsuzluq da imtahan nəticələrinə çox ciddi təsir göstərir".