Bakının və ümumilikdə Abşeron yarımadasının etnik mənzərəsi əsrlər boyu müxtəlif müzakirələrə səbəb olub. Bəzən bu məsələ siyasi, bəzən milli kimlik prizmasından yanaşılaraq müxtəlif fikirlər səsləndirilir. Lakin tarixi həqiqətlər yazılı mənbələrdə, arxeoloji tapıntılarda və etnoqrafik tədqiqatlarda öz əksini aydın şəkildə tapır.
Abşeronun ən qədim əhalisi Massagetlər (Məsqətlər) hesab olunur. Qədim yunan və fars mənbələrində Xəzərsahili bölgələrdə məhz Massaget tayfalarının məskunlaşdığı qeyd edilir. Onlar Sak tayfalarının qollarından biri olmuş və Azərbaycan ərazisində geniş yayılmışdılar.
Tarixi mənbələrdə Maştağa ərazisinin qədim adı “Masgat”, “Masgata” kimi göstərilməsi bu tayfanın həmin ərazilərdə məskunlaşdığını təsdiq edir. Bu isə Maştağanın və bütövlükdə Abşeronun massaget mənşəli qədim əhali ilə bağlılığını göstərən ən mühüm faktlardandır.
Ən mühüm etnik qruplardan biri isə Tatlardır. Yazılı mənbələrə görə tatlar Qafqaza təbii yerdəyişmə ilə deyil, Sasani imperiyasının köçürmə siyasəti nəticəsində gəlmişlər. Bu proses təqribən V əsrdə, Azərbaycan torpaqları Sasani imperiyasının tərkibində olduğu dövrdə baş vermişdir. Köçürülmə Abşeron yarımadasının həm strateji, həm də iqtisadi əhəmiyyətindən qaynaqlanırdı. Tatlar əsasən şəhər tipli məskənlərdə, o cümlədən Bakı və Bakıətrafı kəndlərdə yerləşdirilmişdilər.
Tarixi mənbələr tatların Abşerona köçürülən zaman burada məhz massaget mənşəli tayfalarla qarşılaşdığını bildirir. Bu qarşılaşma, zamanla assimilyasiya və qarşılıqlı mədəni təsir nəticəsində Abşeronun özünəməxsus etnik-etnoqrafik palitrası formalaşmışdır. Tatların dil xüsusiyyətlərinin uzun müddət qorunması, lakin sonrakı əsrlərdə Azərbaycan türkcəsi ilə əvəz olunması da məhz bu qarşılıqlı təsirin nəticəsidir.
XVIII əsrdə Nadir şah Əfşar dövründə Abşerona tatların yenidən köçürülməsi həyata keçirilmişdir. Bu, Sasanilər dövründən sonra tatların Abşerona ikinci böyük axını hesab olunur. Bu dövrdən sonra tatların Bakı və Abşeron kəndlərində sayı daha da artmış və onlar şəhər həyatının mühüm hissəsinə çevrilmişdir.
1810-cu ildə Bakı ətrafı ərazilərin komendantı general İvan İvanoviç Repin tərəfindən toplanmış məlumatlar Bakının etnik mənzərəsi barədə ən mühüm faktlardandır.
Repinin məlumatına görə Bakı xanlığının şəhər və yaxın ərazilərində 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni və yəhudilər (81 nəfər) istisna olunmaqla, 2155 nəfər şiə müsəlman, yəni tatlar yaşayırdı. Bu məlumat Bakının həmin dövrdə demək olar ki, həmşinin tat müsəlman əhali tərəfindən məskunlaşdırıldığını göstərir.
XIX əsrin ortalarından etibarən Bakı neft sənayesi ilə sürətlə böyüməyə başladı. Bu dövr müasir Bakının formalaşma mərhələsi hesab olunur. 1851-ci ildə şəhərdə artıq 7431 türkdilli müsəlman yaşayırdı.1863-cü ildə bu rəqəm 14 500 nəfərə, 1897-ci ildə isə 111 904 nəfərə çatmışdı. Bu rəqəmlər göstərir ki, XIX əsrin ikinci yarısından başlayaraq bölgələrdən Qarabağdan, Şamaxıdan, Qazaxdan, Gəncədən və digər bölgələrdən Azərbaycan türkləri Bakıya kütləvi şəkildə köç etməyə başlamışdır. Məhz bu urbanizasiya dalğası Bakının demoqrafik mənzərəsini dəyişməyə başladı və şəhər tədricən çoxmillətli, lakin əsasən türk mənşəli əhalinin üstünlük təşkil etdiyi bir mərkəzə çevrildi.
Tarixi mənbələr, etnoqrafik tədqiqatlar və arxiv sənədləri göstərir ki, Bakının ən qədim yerli əhalisi Massaget (Məsqət) tayfalarıdır. Bakının orta əsrlərdən XIX əsrə qədər əsas yerli şəhər əhalisi Sasani dövründə və Nadir şah dövründə Abşerona köçürülmüş tatlar olmuşdur. Bakının XIX–XX əsrlərdə formalaşan müasir əhalisi urbanizasiya nəticəsində ölkənin müxtəlif bölgələrindən Bakıya köçmüş Azərbaycan türkləridir.
Beləliklə, Bakı əhalisinin tarixini tək bir etnik qrupla bağlamaq düzgün olmaz. Şəhərin etnik kimliyi müxtəlif dövrlərdə dəyişmiş, fərqli tayfa və xalqların təsiri ilə formalaşmışdır. Ancaq əsl yerli nüvə olaraq massagetlər və daha sonrakı mərhələdə tatlar xüsusi yer tutur.
Tünzalə İsmayılova