"Ağdam şəhər gününün qeyd olunması Azərbaycanın azad olunmuş ərazilərdə dönüş nöqtəsidir" - MÜNASİBƏT BİLDİRİLDİ

20 Noyabr 2025 14:27 (UTC+04:00)

"Ağdam şəhər gününün qeyd olunması Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi dövlətçilik və reinteqrasiya siyasətinin mühüm təzahürlərindən biri kimi dəyərləndirilir. Bu günün təsis edilməsi təkcə simvolik addım deyil, həm də işğaldan azad edilmiş ərazilərdə dövlət suverenliyinin tam bərpa olunduğunu göstərən siyasi mesajdır. Ağdam uzun illər Ermənistan silahlı qüvvələrinin işğalı altında dağıdılmış, yerlə-yeksan edilmiş, sosial və iqtisadi həyat tamamilə məhv edilmiş bir şəhər idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, onun yenidən şəhər günü ilə qeyd olunması Azərbaycanın bu ərazilərdə quruculuq iradəsini, strateji baxışını və gələcəyə hesablanmış inkişaf modelini nümayiş etdirir: "Ağdam şəhər gününün keçirilməsi, ilk növbədə, Azərbaycan dövlətinin suverenlik və ərazi bütövlüyünün bərpası prosesini siyasi cəhətdən gücləndirir. Bu, dünyaya açıq mesajdır ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda yalnız təhlükəsizlik təminatı yaratmaqla kifayətlənmir, həm də bu ərazilərin yenidən dirçəlişini dövlət siyasətinin ön sırasına qoyur. Bununla yanaşı, şəhər günü bölgəyə qayıdan və qayıdacaq sakinlər üçün xüsusi motivasiya yaradır, onların doğma torpaqlara bağlılığını gücləndirir və sosial reinteqrasiya prosesini sürətləndirir. İnsanların öz şəhərlərinin rəsmi şəkildə qeyd olunmasını görməsi, Ağdamın tarixi kimliyinin bərpa olunmasına və ictimai həyatın canlanmasına mühüm töhfə verir.

Ağdam bu gün Qarabağ və Şərqi Zəngəzurun iqtisadi, logistika və sosial mərkəzlərindən biri kimi nəzərdə tutulur. Burada tətbiq olunan ağıllı şəhər konsepsiyası, müasir infrastruktur layihələri və sənaye parkları regionun gələcək inkişaf modelini formalaşdırır. Bu, Azərbaycanın azad edilmiş ərazilərdə modern, müasir və dayanıqlı şəhərsalma siyasəti apardığını sübut edir. Ağdamın regional mərkəz rolunda inkişaf etdirilməsi həm iqtisadi aktivliyi artıracaq, həm də Qarabağın digər əraziləri üçün nümunəvi inkişaf xətti yaradacaq.

Ağdam şəhər gününün qeyd olunması Ermənistan və beynəlxalq ictimaiyyət üçün də mühüm siyasi siqnaldır. Bu, Azərbaycanın işğal dövrünün ağır nəticələrini aradan qaldırmaqda qətiyyətli olduğunu, bölgədə yeni reallıq formalaşdırdığını və bu reallığın artıq dönməz xarakter daşıdığını göstərir. Regionda sabitliyin, təhlükəsizliyin və inkişafın yalnız Azərbaycan tərəfindən həyata keçirilən bərpa və reinteqrasiya siyasəti üzərində qurula biləcəyini nümayiş etdirir. Ağdam şəhər günü Azərbaycanın Qarabağda yaratdığı yeni siyasi, sosial və iqtisadi düzənin rəmzidir. Bu gün həm dövlətçilik baxımından, həm də xalqın doğma torpaqlara dönüş prosesinin mənəvi gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir".