"Beş ildə böyük infrastruktur layihələri həyata keçirilib" - ŞƏRH

20 Noyabr 2025 12:30 (UTC+04:00)

"Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyəti məqsədyönlü və nəticəyönümlü olub. Unutmayaq ki, bu qərargahın fəaliyyət məqsədi Ermənistanın işğal dövründə tamamilə dağıtdığı ərazilərdə həyatın yenidən bərpasına yönəlib. Əlaqələndirmə Qərargahının işində iki əsas istiqamət xüsusilə diqqət çəkir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə çoxşaxəli fəaliyyətlərin ümumi koordinasiyasının həyata keçirilməsi diqqətəlayiqdir: "Buraya iqtisadi bərpa, yeni infrastrukturun yaradılması və təsərrüfat obyektlərinin bərpası daxildir.

Eyni zamanda, insanların həmin ərazilərə geri qayıdaraq məskunlaşması üçün zəruri şəraitin yaradılması əsas istiqamətlərdən biridir.

Bu gün hər kəs etiraf edir ki, əldə olunan nəticələr həqiqətən də təsirli və uğurludur. Beş il ərzində sərf olunmuş böyük maliyyə vəsaiti sayəsində ərazilər bərpa olunub, Ermənistanın işğal dövründə qoyduğu izlər silinib, nəqliyyat layihələri icra edilib, yollar, aeroportlar, dəmir yolları və limanlar salınıb. Paralel olaraq, insanların rahat və təhlükəsiz şəkildə məskunlaşması üçün həyat şəraiti qurulub.

Qısa müddətdə 50 mindən artıq insanın bu ərazilərə köçürülməsi, onların təhsil, iş və sosial təminatla əhatə olunması Əlaqələndirmə Qərargahının peşəkar koordinasiya fəaliyyətinin nəticəsidir. Bütün bu işlər Prezidentin bilavasitə rəhbərliyi ilə həyata keçirilir və Əlaqələndirmə Qərargahının təşkilatçılıq rolu da xüsusi qeyd olunmalıdır.

Hazırkı sürət və yanaşma onu deməyə əsas verir ki, qarşıdakı 5 ildə daha böyük nəticələr əldə olunacaq. Bu müddət ərzində Zəngəzur dəhlizinin tam istismara verilməsi, hələ də müxtəlif bölgələrdə yaşayan məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması əsas hədəflər sırasındadır. Bütün bunlar Azərbaycanın gücünü, idarəçilik potensialını və müasir həyat şəraiti yaratmaq bacarığını bir daha sübut edir".