Mətləb Salahov: "Qəzetdə dərc edilən bircə aktual və analitik yazı yüzlərlə sayt xəbərinin effektliyini üstələyir"
"Son günlər Azərbaycanda çap mediasının fəaliyyətinin dayandırılacağı barədə açıqlama və müzakirələr hər gün artmağa başlayıb. Əlbəttə, buna səbəb MEDİA tərəfindən qəzetlərə yalnız həftədə bir dəfə nəşr olunmaları üçün maliyyə ayrılacağı barədəki fikirlərdir. Bu açıqlama çap mediası üçün şok effekti yaradıb. Çünki uzun illərdir ki, dövlətin maliyyə dəstəyi ilə nəşr olunan əksər qəzetlər birdən-birə ilin sonunda belə vəziyyətlə qarşılaşırsa, o zaman bu qərara hazırlıqsız yaxalanan çap mediasının hazırkı şok vəziyyətini təsəvvür etmək çətin deyil.”
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov deyib. M.Salahov qeyd edib ki, yüzlərlə jurnalistin, sözün əsl mənasında, anidən çörəksiz və qəzetsiz qalmaqla üz-üzə durması xoşagələn mənzərə deyil. Çünki yüzlərlə jurnalistin birdən-birə işsiz qalması həm də onların ailələrinin maddi yaşam vəziyyətinə birbaşa təsir edən prosesdir.
“Gələk əsas məsələyə. Əvvəla, neçə illərdir ki, dövlətin dəstəyi ilə nəşr olunan çap mediası barədə qərar qəbul olunursa, bu, aylar öncə elan olunmalı, qəzetlər və jurnalist kollektivləri buna hazırlıqlı olmalı idilər. Birdən-birə çap mediasına maliyyə dəstəyini dayandırmaq qəzetləri yox olmaqla üz-üzə qoymaq deməkdir. Digər baxımdan çap mediasının təkmilləşdirilməsi, zamanın tələblərinə uyğun yeni fəaliyyət sisteminə keçirilməsi üçün plan hazırlanmalı idi ki, nə qəzetlər bağlanmaq təhlükəsi qarşısında qalsın, nə də redaksiyalarda çalışan olduqca təcrübəli jurnalist heyətləri işsizlik qorxusu yaşasın.
Unutmayaq ki, sosial şəbəkə və onlayn media nə qədər hökmranlıq etsə də, qəzetlərin öz oxucu auditoriyası və funksiyası var. Qəzetdə dərc edilən bircə aktual və analitik yazı yüzlərlə sayt xəbərinin effektliyini üstələyir. Bir neçə gün öncə əksər saytlara və onlayn mediaya giriş bağlandı, saytlardakı əksər video materiallar silindi. Bu, əslində çap mediasının tarix və cəmiyyət üçün önəmi baxımından gözəl xəbərdarlıq oldu.
Çap mediasını bir qərarla taleyin ümidinə buraxmaq asan məsələdir. Lakin onu yaşatmaq, yeni formatda gücləndirmək ən ideal və məntiqli yoldur. Çap mediasına reklam bazarı tapmaq, özünün ayaq üstündə durması, iqtisadi müstəqillik qazanması üçün dəstək göstərmək hazırda ən ümdə məsələdir. Çünki bu qəzetlər illərdir ki, dövlətin dəstəyi ilə fəaliyyət göstəriblər, amma bu proses dayandırılırsa, o zaman bu o deməkdir ki, ən azı onlarla təcrübəli jurnalist də işsiz-gücsüz qalacaq. Nəzərə alsaq ki, bu adamlar muzdlu fəhlə deyillər və istənilən qaranlıq qüvvənin yüksək maaş müqabilində “ovuna” çevrilə bilərlər, o zaman vəziyyətin dramatikliyi daha aydın görünür. Çünki aclıq və işsizlik ən pis sınaqdır.
Dünyanın aparıcı ölkələrində fəaliyyət göstərən qəzetlər artıq oxucu ilə kontaktı yeni müstəviyə daşıyırlar, innovativ imkanlardan istifadə edirlər. Unutmayaq ki, peşəkar jurnalistlər heç bir halda süni intellektə məğlub ola bilməz. Jurnalistlərin yaradıcı imkanları, birbaşa ünsiyyət imkanlarını “Chatgpt” əvəzləyə bilməz. Mən əminəm ki, MEDİA Agentliyi bu məsələ barədə ən ideal çıxış yolu və plan hazırlayacaq”.
Ayşən Vəli