"Lerik rayonunda indiyə kimi mənzil növbəsində duran cəmi 102 nəfər şəhid ailəsi və müharibə əlili mənzil və yaxud fərdi evlə təmin edilib". SİA-nın verdiyi məlumata görə, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
"Hazırda rayonda 282 nəfər həssas təbəqədən olan vətəndaş mənzil növbəsindədir. Belə vətəndaşlar üçün sonuncu ev 2019-cu ildə tikilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həssas təbəqədən olan vətəndaşlar üçün fərdi ev və yaxud çoxmənzilli bina tikməyi dayandırıb. Nazirlik yalnız hazır evlər alır. Lerik və Astara rayonlarının kəndlərində isə satışda olan hazır evlər yoxdur ki, nazirlik onları alıb həmin vətəndaşlara təqdim etsin.
Nazirlik kvadrat hesabı ilə mənzil alacaq deyə, sahibkarlar bu məqsədlə çoxmənzilli bina tikməkdə də maraqlı deyillər. Buna görə də təklif edirəm ki, həssas təbəqədən olan vətəndaşları mənzillə təmin etmək üçün çoxmənzilli binalar və fərdi evlər tikilsin. Və ya şəhid ailələri və müharibə əlillərinə mənzil vermək üçün nəzərdə tutulan vəsait bu kateqoriyadan olan insanların özlərinə verilsin, vətəndaş özü öz evini tiksin və yaxud harada istəyirsə özünə mənzil alsın. Bununla da bu məsələ həll edilsin".