Azərbaycanın basketbol millisi seçmə mərhələ oyunlarının hazırlıqlarına başlayıb

20 Noyabr 2025 11:31 (UTC+04:00)

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu il Avropa çempionatının (Eurobasket) ilkin seçmə mərhələ oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına start verib. Azərbaycan Basketbol Federasiyasından SİA-ya verilən məlumata görə, baş məşqçi Tahir Baxşıyev noyabrın 25-dək davam edəcək toplanışa 20 oyunçu dəvət edib.

Komandanın heyətində Amil Həmzəyev, Şirzad Şirzadov, Elşad Şirzadov, Əkbər Məmmədov, Kamran Məmmədov, Tariyel Yusifzadə, Ramazan Qarayev, Hüseyn Qaflanov, Saadettin Donat, Cəbrayıl Əkbərov, Ulaş Turqut, Emmanuel Aqbason, İmayıl Abdullayev, Derin Berkoz, Hüseyn Məmmədov, Ercan Donat, Məhəmməd Hüseynli, Səid İsmayılov, Rəşid Abbasov və Endər Poladxanlı yer alıblar.

Azərbaycan millisinin yeni üzvü Vesli Van Bek isə düşərgəyə Şimali Makedoniyada qoşulacaq. Hazırlıq prosesinin yekununda məşqçilər korpusu tərəfindən 12 basketboluçu millinin əsas heyətinə cəlb olunacaq.

Qeyd edək ki, millimiz qrupda ilk görüşünü noyabrın 27-də səfərdə Şimali Makedoniyaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İkinci oyun isə noyabrın 30-u, saat 18:00-da Bakıda Lüksemburq yığmasına qarşı olacaq.