Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən heyvan bazarlarında yenidənqurma işləri intensiv şəkildə davam etdirilir. Epizootoloji stabilliyin qorunması məqsədilə bazar rəhbərlikləri işlərini Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq həyata keçirirlər. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, bu məqsədlə Abşeron rayonunun Məmmədli kəndindəki heyvan bazarına baxış keçirilib, sahibkara nümunəvi eskiz layihə təqdim olunub və sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Artıq bazar rəhbərliyi layihəyə uyğun şəkildə yenidənqurma işlərinə başlayıb.
Agentliyin regional bölmələri tərəfindən prosesə nəzarət olunur və işlərin sürətləndirilməsi məqsədilə sahibkarlara metodiki dəstək göstərilir. Qeyd edək ki, yenidənqurma işləri tam başa çatdıqdan sonra bazarın açılması məsələsinə baxılacaq.
Abşeron rayonunun Məmmədli kəndində fəaliyyət göstərən heyvan bazarında görülən işlərlə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.