19 noyabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında rəqəmsal təhsil texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan Yaponiyanın “Digital Knowledge” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. SİA xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, “Digital Knowledge” şirkətinin Beynəlxalq İnkişaf Ofisinin rəis müavini Yoşihiro Giyoda, Xidmətlərin Təşviqi Şöbəsinin rəhbəri Masayuki Nohara, Qlobal İKT Təhsil Həllərinin İnkişafı Şöbəsinin əməkdaşı Nquyen Ti Tu Tao, Beynəlxalq Biznes Şöbəsinin rəhbəri Kendzi İçimura və digər nümayəndələr görüşdə iştirak ediblər.
Görüşdə xəstəxana tibb bacılarının davamlı təhsil və peşə bacarıqlarının artırılması üçün innovativ elektron platformaların tətbiqi, eyni zamanda xəstə və yenidoğulmuşlara dair rəqəmsal sağlamlıq kartlarının hazırlanması, kağızsız tibbi idarəetmə sisteminə keçid, rəqəmsal tibbi xidmətlərin genişləndirilməsi və bu istiqamətdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.