Türkiyənin prinsipial mövqeyi bizim üçün çox vacibdir. Davam edən müharibəyə aydın münasibətinə və ölkəmizin müstəqilliyini və suverenliyini dəstəklədiyinə görə Türkiyə tərəfinə minnətdaram.
SİA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına həsr olunan birgə mətbuat konfransında bildirib.
Ukrayna lideri Kiyevin “Moskvada eşidilə bilən Türkiyə diplomatiyasının gücünə inandığını” xüsusi vurğulayıb.
“Öz həyatını müdafiə edən hər kəsin mübarizəsi özünümüdafiə hüququdur”, – deyə o qeyd edib və əlavə edib ki, təkcə bir Ukrayna şəhərində 20-dən çox insan Rusiyanın növbəti genişmiqyaslı hücumunun qurbanı olub.
Zelenski bildirib ki, Rusiyanın bu gün Ukraynaya endirdiyi hücum zamanı 48 raket və 475 drondan istifadə edilib. “Ukrayna bu cür hücumlardan daim özünü müdafiə etməyə məcburdur. Biz hava hücumundan müdafiə sistemlərinin sursatla təmin edilməsi, eləcə də silah və hərbi təyyarələrin alınması üçün əlimizdən gələni edirik”, – deyə o vurğulayıb.
Eyni zamanda, Ukrayna Prezidenti əsir mübadiləsi prosesinin bu ilin sonuna qədər bərpa olunacağına ümid etdiyini bildirib. “Türkiyə bu məsələyə güclü dəstək verir”, – deyə Zelenski fikrini tamamlayıb.