Uşaqların təhlükəsizliyinə necə nəzarət edilməlidir? - EKSPERT AÇIQLADI

19 Noyabr 2025 17:17 (UTC+04:00)

Son zamanlar uşaqların evdə nəzarətsiz qalması ilə bağlı baş verən təhlükəli hadisələrin sayı artmaqdadır. Təkcə noyabr ayının ilk iki həftəsində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən görülmüş operativ tədbirlər nəticəsində 22 azyaşlı xilas edilib. Bu isə valideyn nəzarətinin vacibliyini bir daha gündəmə gətirir. Uşaqların təhlükəsizliyinə necə nəzarət edilməlidir?

Mövzu ilə bağlı təhlükəsizlik məsələləri ilə bağlı ekspert Samir Nəbiyev SİA-ya açıqlamasında bildirib ki, pəncərədən və ya eyvandan yıxılma halları, xüsusilə azyaşlı uşaqlar arasında ciddi təhlükə yaradır və bu cür hadisələrin qarşısını almaq üçün bir sıra mühüm tədbirlərin görülməsi zəruridir:

”İlk növbədə, pəncərələrin mütləq şəkildə uşaq təhlükəsizliyi üçün xüsusi kilid sistemi ilə təchiz olunması vacibdir. Bu kilidlər uşaqların özbaşına pəncərəni aça bilməməsini təmin etməlidir.

Lakin bu məsələdə digər vacib məqam da nəzərə alınmalıdır: təhlükəsizlik məqsədilə pəncərə və eyvanlara dəmir barmaqlıqların, qəfəsvari konstruksiyaların quraşdırılması düzgün yanaşma deyil. Belə qurğular yanğın və ya fövqəladə hallar zamanı təxliyəni çətinləşdirə və hətta mümkünsüz edə bilər. Bu isə yanğın təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulması deməkdir. Beləliklə, təhlükəsizlik tədbirləri görərkən həm uşağın qorunması, həm də fövqəladə hallarda evdən təhlükəsiz çıxış imkanları nəzərə alınmalıdır.

Bundan əlavə, valideynlərin məsuliyyəti və diqqəti də xüsusi önəm daşıyır. Valideynlər uşaqlara daim nəzarət etməli, onlara pəncərə və eyvanların təhlükəli olduğunu izah etməli və bu məkanlarda oyun oynamağın yolverilməz olduğunu öyrətməlidirlər. Pəncərə kənarında, eyvanda və ya seyrək nəzarət edilən sahələrdə stul, masa və ya uşaq asanlıqla dırmaşa biləcəyi əşyaların qoyulmaması vacibdir”.