...Ukrayna Rusiyadakı hərbi hədəflərə zərbə endirmək üçün Amerika ATACMS taktiki raketlərindən istifadə etdiyini bildirib.
Bu, Tramp administrasiyası dövründə Rusiya ərazisinə qarşı bu raketlərin istifadəsinin ilk məlum nümunəsidir ki, bu da əvvəlki məhdudiyyətlərin yumşaldılmasını və Ukraynaya yeni bir dəst nadir sursatın mümkün köçürülməsini göstərə bilər, SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TWZ xəbər verir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ATACMS-in istifadəsini "Ukraynanın suverenliyinə sarsılmaz sadiqliyini vurğulayan vacib bir addım" adlandırıb.
Hərbçilər uzun mənzilli silahların istifadəsinin davam edəcəyini bildiriblər. Hədəflər və atılan raketlərin sayı barədə təfərrüatlar açıqlanmayıb.
Ukrayna və Rusiya bloqçuları zərbənin Voronej bölgəsindəki hədəfləri, o cümlədən sərhəddən təxminən 170 km məsafədə yerləşən Poqonovo təlim poliqonunu hədəfə aldığını ehtimal edirlər.
Bu məlumatın hələlik müstəqil təsdiqi yoxdur.
Ukraynanın ATACMS ehtiyatları məlum deyil. Bir neçə mənbə bildirib ki, 2024-cü ilin əvvəlinə qədər ölkə təmin etdiyi raketləri demək olar ki, tamamilə tükətmişdi.
Yeni dəstlərin çatdırılması əvvəllər ABŞ-ın öz ehtiyatları ilə bağlı narahatlıqları ilə məhdudlaşmışdı.
Mətbuatın xəbər verdiyi kimi, Tramp administrasiyası son bir neçə ay ərzində Ukraynanın Rusiya ərazisinə qarşı uzaqmənzilli silahlardan istifadəsini məhdudlaşdırırdı.
Lakin sentyabr ayında Tramp və Zelenski arasında keçirilən görüşdən sonra Vaşinqtonun bu məhdudiyyətləri yumşaltmağı düşündüyü məlum oldu.
Əgər həqiqətən də zərbə baş verərsə, bu, Ağ Evin Rusiyaya qarşı Amerika raketlərinin istifadəsi ilə bağlı mövqeyində dəyişiklik, eləcə də Kiyevə ATACMS çatdırılmasının bərpa olunmasının mümkünlüyünü göstərə bilər.
Əli Babayev