“Azərbaycanın yerləşdiyi məkan — Xəzər hövzəsi, Mərkəzi Asiya bağlantısı, Türkiyə ilə strateji xətt və Avropa enerji təhlükəsizliyində oynadığı rol artıq təşkilatların gündəmində “opsional” yox, “əsas sütun” kimi dayanır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, bu marağın kökündə iki amil dayanır: “Birincisi, Azərbaycan təkcə enerji resursları ilə yox, diversifikasiya etdiyi nəqliyyat-logistika şəbəkələri ilə Avrasiyada real alternativ yol yaratmaq gücünə malikdir. Bu, Avropa İttifaqından tutmuş, Türk Dövlətləri Təşkilatına, hətta BMT strukturlarına qədər hamını Bakının partnyorluğunu daha ciddi nəzərdən keçirməyə vadar edir. Bu gün bir çox beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlığı sadəcə protokol səviyyəsində yox, əməli səviyyədə genişləndirməyə çalışır. Çünki Bakı həm Şuşa Bəyannaməsi ilə türk coğrafiyasının dayaq nöqtəsinə çevrilib, həm də enerji və infrastruktur layihələrində Qərb üçün əvəzsiz təminatçıya dönüb. Üstəlik Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə xüsusi yaxınlaşması artıq yeni regional memarlığı formalaşdırır və təşkilatlar bu prosesdən kənarda qalmaq istəmirlər.
İndi Azərbaycan beynəlxalq təşkilatlar üçün sadəcə iştirakçı deyil, gündəmi istiqamətləndirən mərkəzlərdən biridir. Bu maraq artmağa davam edəcək, çünki regiondakı strateji boşluqları doldura bilən yeganə sabit və proaktiv aktor Azərbaycandır”.