Xarici ölkələrdə AQTA-nın saxta ixrac sertifikatı hazırlanıb

19 Noyabr 2025 16:11 (UTC+04:00)

Xarici ölkələrdə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) saxta ixrac sertifikatı hazırlanıb. Bu barədə SİA-ya AQTA-dan məlumat verilib.

Bildirilib ki, Beynəlxalq ticarət qaydalarına əsasən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) İsrail Dövlətinin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyi tərəfindən fitosanitar sertifikatların həqiqiliyinin təsdiq edilməsinə dair sorğu daxil olub. Təqdim olunan fitosanitar sertifikatlara baxış zamanı onların saxta olduğu müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, saxta sənədlər üzərindəki QR kodlar oxunarkən, müxtəlif xarici ölkələrdə yaradılan saxta "e-afsa.com", "storage2.me-qr.com" və "cdn.qr-code-generator.com" domeninə yönəlmə baş verir.

Qeyd edək ki, AQTA-nın rəsmi domeni "e-afsa.gov.az"dır. Agentliyin təqdim etdiyi sertifikatlar QR kod vasitəsilə oxunarkən, yalnız AQTA-nın rəsmi domeninə yönləndirmə baş verir.

Aşkar olunan uyğunsuzluq barədə İsrailin aidiyyəti qurumuna məlumat verilib və araşdırmanın davam etdirilməsi üçün digər zəruri sənədlər istənilib.

Saxtalaşdırma faktı üzrə bütün materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

"Agentlik bəyan edir ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və həmin fəaliyyətlə məşğul olan şəxslər barəsində qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir. İxracla məşğul olan hüquqi və fiziki şəxslərdən, eyni zamanda təsərrüfat sahiblərindən xahiş olunur ki, Agentliyin təqdim etdiyi sertifikatların QR kodunu oxutduran zaman rəsmi "e-afsa.gov.az" domeninin yazılmasına diqqət etsinlər", - məlumatda qeyd olunub.