"Əlbəttə, çox vacib bir hadisədir. Dünyanın nəzərləri bugün Mərkəzi Asiyadadır. Mərkəzi Asiya ölkələrində səfərlər edirlər, orada mövqe qazanmağa çalışırlar. Avropanın bir sıra dövlət başçıları Mərkəzi Asiyaya gəldilər, dövlət başçıları ilə görüşdülər, orada forumlar təşkil elədilər. Onları Avropaya dəvət elədilər. Böyük planlar, investisiyaların qoyulması ilə bağlı danışıqlar oldu". Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, bu dəyişmiş şərtlərdə Mərkəzi Asiyada çox ciddi maraqları olan bir digər tərəf də ABŞ-dır: "Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl Mərkəzi Asiya liderləri Amerikaya dəvət olundu. Vaşinqtonda, Ağ Evdə Donald Trump onlarla təkbətək və birgə siyasi görüşlər keçirdi. Müəyyən sənədlər imzalandı - maliyyə dəstəyi və böyük layihələrin həyata keçirilməsi ilə bağlı sənədlər imzaladılar. Mərkəzi Asiyada ruh böyükdür və dəfələrlə Amerikanın strateqləri, təhlükəsizlik üzrə ekspertləri, siyasətçiləri Mərkəzi Asiyanın əhəmiyyəti ilə bağlı fikirlər bildiriblər. Hətta ABŞ-ın aparıcı dövlət adamları belə fikirlər səsləndiriblər ki, Mərkəzi Asiya böyük bir qabdır və bu qabın tıxacı Azərbaycandır. Yəni, Azərbaycanda kimin mövqeyi güclüdürsə, onun Mərkəzi Asiyaya yolu açıqdır.
Azərbaycan bu proseslərin mərkəzindədir. Mərkəzi Asiya dövlətləri Azərbaycana əməkdaşlıq üçün üstünlük verirlər. Azərbaycanın bu formata daxil edilməsi - “Mərkəzi Asiya-Azərbaycan” formatının yaradılması - ölkəmizin mövqeyinə verilən dəyərin göstəricisidir. Hətta o səviyyəyə gəlib çatılıb ki, Mərkəzi Asiya liderləri özləri bəyan edirlər ki, Amerikadakı görüşlərə Azərbaycan Prezidenti İlham Əliyev də qatılmalıdır.
Bu o deməkdir ki, artıq Azərbaycanla birgə hərəkət etmək istəyirlər. Bu isə Azərbaycan Prezidentinin və ölkəmizin xarici siyasətinin böyük uğurudur. Hər kəs çalışır ki, Mərkəzi Asiyada öz mövqeyini möhkəmləndirsin. Seçim isə artıq edilib, əməkdaşlıq tərəfdaşı kimi Azərbaycan seçilib.
Mərkəzi Asiyaya olan bu diqqətin səbəbi həm yeraltı sərvətlər, karbohidrogen ehtiyatları, həm də “Orta Dəhliz” kimi tanınan tarixi İpək Yolunun burada yerləşməsi ilə bağlıdır. Bu dəhlizin əsas hissəsi Azərbaycandan keçir, Zəngəzur dəhlizi də bu yolun tərkib hissəsidir. Azərbaycanın bu proseslərdə iştirakı qarşılıqlı maraq doğurur. Mərkəzi Asiya ölkələri başa düşürlər ki, Azərbaycanla əməkdaşlıq onların Avropaya, Türkiyəyə və dünyaya çıxışı deməkdir. Bu da onlara real fayda verir. Ona görə də Azərbaycanın mövqeyinə yüksək dəyər verilir.
Bütün bu əməkdaşlıq Azərbaycanın gələcəkdə də böyük nailiyyətlər əldə edəcəyini göstərir. Mərkəzi Asiya ilə bağlı gedən proseslərin mərkəzində olmaq Azərbaycanın tarixən oynadığı rola da uyğun gəlir. Azərbaycanın bu bölgə ilə əlaqələri həmişə olub, indi isə bu əlaqələr daha da genişlənəcək - Çinə, Yaponiyaya, Hindistana qədər yol açılacaq. Bu isə hər iki tərəf üçün - həm Azərbaycan, həm də Mərkəzi Asiya ölkələri üçün böyük perspektivlər açan bir başlanğıcdır".