"Təəssüf ki, Ağdərədə baş verən son mina hadisəsi ilk deyil. Böyük ehtimalla hələ bir neçə il bu kimi neqativ halların şahidi olacağıq. Məsələ ondadır ki, 30 ildən artıq davam edən işğal dövründə Ermənistan tərəfi Qarabağda müxtəlif ərazilərə məqsədli şəkildə minalar basdırıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.
Turan Rzayev sözlərinə belə davam edib: "Münaqişənin başa çatmasına baxmayaraq, bu minalanmış ərazilərin xəritələri Azərbaycana təqdim edilməyib: "Ən pisi odur ki, bu məsələ ilə bağlı bu günə qədər beynəlxalq təşkilatlara dəfələrlə müraciət etməyimizə baxmayaraq, yetərli dəstək və lazımi texnoloji avadanlıqlar hələ də bizə verilməyib. Bu da mina təmizləmə prosesini ləngidir.
Qeyd etmək lazımdır ki, bu gün Qarabağda həm bərpa prosesi, həm də “Böyük Qayıdış” siyasəti davam edir. Nə qədər minalar təmizlənsə də, həmin ərazilərdə təhlükənin qalmaq ehtimalı yüksəkdir. Təsadüfi deyil ki, dünyanın müxtəlif bölgələrində hələ də II Dünya Müharibəsindən qalmış partlayıcılar aşkar olunur. Bu gün də Cənubi Qafqazda bu problem realdır. Məcburi köçkünlərin geri qayıtmağa başladığı bir dövrdə hələ də mina təhlükəsinin qalması, təəssüf ki, gələcək üçün narahatedici tendensiyadır. Hesab edirəm ki, bu halların qarşısını almaq üçün beynəlxalq təşkilatların dəstəyi vacibdir. Eyni zamanda, Ermənistan tərəfi əlində olan minalanmış ərazilərlə bağlı xəritələri və məlumatlı şəxslərin verdiyi informasiyanı Azərbaycana təhvil verməlidir.
Böyük ehtimalla, bu məsələ bu gün gündəmdə olmasa da, yaxın gələcəkdə Ermənistan–Azərbaycan danışıqlarının əsas mövzularından birinə çevriləcək. Hələlik digər məsələlərə fokuslanmışıq, lakin bu məsələ də danışıqlar masasına gələcək. Demək olar ki, bu qaçılmazdır".