"Azərbaycan bütün tarix boyu Orta Asiyanın bir parçası olub. Baxmayaraq ki, biz Qafqazda, xüsusilə də Güney Qafqazda yerləşirik, həmişə Orta Asiya ilə iç-içə olmuşuq". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Bütün türk imperiyaları bu və ya digər şəkildə Orta Asiya və Azərbaycanla bağlı olub. Üstəlik, biz eyni millətik — eyni soydan, eyni kökdən gəlirik, ortaq mədəniyyəti paylaşırıq. Qanı-qanımızdan, canı-canımızdan olan insanlarla birlikdəyik.
Bu baxımdan Azərbaycanın Orta Asiyadan kənarda qalması ümumiyyətlə düzgün deyildi və rəsmi şəkildə bunun qəbul edilməsi sevindiricidir. Qeyd edim ki, xüsusilə Qərb mediasında və dairələrində Azərbaycan tez-tez Orta Asiya dövləti kimi qəbul edilir. Hətta çox hörmətli siyasətçilər və dövlət rəhbərləri belə bizi Orta Asiyanın bir parçası kimi görürlər. Bu da təsadüfi deyil, çünki biz ortaq tarixin bir parçasıyıq. Azərbaycanın bu məşvərət toplantısına, liderlər sammitinə tamhüquqlu üzv kimi qəbul edilməsi çox yerinə düşür və sevindirici haldır. Üstəlik, bu addım Azərbaycan da daxil olmaqla böyük bir coğrafiyada yeni formatın meydana gəlməsində mühüm mərhələdir.
Bildiyiniz kimi, xüsusilə Orta Asiya və Qafqaz bölgəsi Rus və Çin təsirindən birdəfəlik xilas olmaq üçün çalışır. Belə bir şəraitdə Azərbaycansız heç bir addım atmaq mümkün deyil. O baxımdan, həm öz müstəqillik yolumuzun nümunəsini təqdim etmək baxımından, həm də qarşı tərəf üçün ciddi faydalar təmin edən bir prosesin içindəyik".