"Böyük Qayıdışın növbəti köç mərhələsi regionda dayanıqlı inkişafı gücləndirir" - DEPUTAT ŞƏRH ETDİ

19 Noyabr 2025 15:46 (UTC+04:00)

"Böyük Qayıdışın növbəti köç mərhələsi Azərbaycanın dövlət siyasətinin strateji prioritetlərindən biri olaraq həm sosial, həm iqtisadi, həm də geosiyasi aspektlərdən böyük əhəmiyyət daşıyır. Bu mərhələnin uğurla həyata keçirilməsi təkcə əhali geri qayıdışını təmin etmir, həm də işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafın təməlini qoyur. Sosial prioritetlər bu prosesin əsasını təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, köç edən ailələr üçün təhlükəsiz yaşayış şəraitinin yaradılması, müasir təhsil müəssisələrinin, səhiyyə xidmətlərinin və sosial infrastrukturun bərpası növbəti mərhələnin əsas hədəflərindəndir. İnsanların öz doğma yurdlarına adaptasiya prosesinin rahat keçməsi üçün psixoloji dəstək proqramları, məşğulluq təşviqləri və icma quruculuğu təşəbbüsləri mühüm rol oynayır: "İqtisadi məsələ bu mərhələnin ən həlledici komponentlərindəndir. Azad olunmuş ərazilərdə yeni istehsal və xidmət sahələrinin, kənd təsərrüfatı layihələrinin yaradılması həm yerli məşğulluğu təmin edəcək, həm də regionu ölkənin ümumi iqtisadi dövriyyəsinə sürətlə inteqrasiya edəcək. Bu ərazilərin təbii resurs potensialı, kənd təsərrüfatı imkanları və turizm perspektivləri növbəti köç mərhələsini iqtisadi baxımdan daha səmərəli edir. Dövlət və özəl sektor əməkdaşlığının genişlənməsi bu prosesdə vacib rol oynayacaq. İnfrastruktur quruculuğu Böyük Qayıdışın mühüm tərkib hissəsidir. Artıq icra olunan genişmiqyaslı yol, tunel, elektrik təsərrüfatı, su və kanalizasiya xətləri, eləcə də “ağıllı kənd” və “ağıllı şəhər” layihələri növbəti köç mərhələsinin daha sistemli şəkildə həyata keçirilməsinə şərait yaradır. Rəqəmsal infrastrukturun qurulması isə həm dövlət xidmətlərinin əlçatanlığı, həm də investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyət kəsb edir.

Bu mərhələ Azərbaycanın milli təhlükəsizlik və regional mövqeyini gücləndirən amillərdən biridir. Köç prosesinin ardıcıl aparılması demoqrafik balansın bərpası ilə yanaşı, azad olunmuş ərazilərdə sabitliyin möhkəmlənməsinə və dövlət suverenliyinin daha qəti şəkildə təsdiqlənməsinə xidmət edir. Regionda həyatın canlanması Ermənistanla sərhədyanı ərazilərdə təhlükəsizlik dinamikasına da müsbət təsir göstərir. Böyük Qayıdışın növbəti köç mərhələsi Azərbaycan üçün sadəcə humanitar məsələ deyil, milli inkişaf strategiyasının mühüm hissəsidir. Sosial rifahın yaxşılaşması, iqtisadi aktivliyin artması və müasir infrastrukturun qurulması ölkənin uzunmüddətli təhlükəsizliyi və dayanıqlı inkişafı baxımından həlledici rol oynayır. Bu mərhələ bölgənin tam dirçəlişinə, ölkənin isə strateji gücünün daha da artmasına şərait yaradacaq".