1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmuşdur. O dövrdə ölkənin içtimai-siyasi vəziyyəti, dərin böhran, idarəetmə xaosu, separatçı təhdidlər və müharibə reallığı milli dövlətçiliyin məhv olmaq təhlükəsini gündəmə gətirirdi. Belə bir zamanda Azərbaycanın görkəmli ziyalılarının, ictimai-siyasi xadimlərinin təşəbbüsü ilə yeni siyasi qüvvənin yaradılması təkcə siyasi hadisə deyil, milli məsuliyyətin ifadəsi idi.
Ulu Öndər Heydər Əliyevin dəyərli sözləri ilə desək, “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır.” Bu tezis bu gün həm siyasi, həm ideoloji, həm də institusional mənada özünü tamamilə doğruldur. YAP-ın təsis edilməsi məhz Azərbaycanın ağır günlərinin məhsulu idi. Dövlət institutları çökmüş, cəmiyyət ideoloji boşluğa düşmüş, dövlət idarəçiliyi dərin siyasi böhran yaşamışdı. Bu şəraitdə Azərbaycan ziyalıları ölkəni xilas edə biləcək yeganə yolun təcrübəli, nüfuzlu və milli düşüncəli liderin – Heydər Əliyevin ətrafında siyasi birlik yaratmaq olduğunu dərk etdilər. Onların təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrini təmsil edən yüzlərlə nümayəndə yeni siyasi qüvvənin yaradılması üçün bir araya gəldi.
YAP həmin dövr üçün dövlətçilik ideyasını qorumağı, milli maraqları müdafiə etməyi, ölkəni böhrandan çıxarmağı, real siyasi alternativ yaratmağı qarşısına məqsəd qoymuşdu. Bu baxımdan YAP-ın yaranması təkcə siyasi hadisə deyil, xalqın öz dövlətinə sahib çıxma iradəsinin ifadəsi idi.
Azərbaycanın müasir tarixində xüsusi yer tutan “91-lər”in müraciəti cəsarətin, milli iradənin və dövlətçilik məsuliyyətinin nümunəsi kimi qiymətləndirilir. Müraciəti imzalayan ziyalılar ölkədə baş verən proseslərin qarşısını almağın, milli parçalanmanın dərinləşməsinin, dövlət idarəçiliyindəki xaosun aradan qaldırılmasının yeganə yolunu Heydər Əliyevin siyasi səhnəyə qayıdışı kimi görürdülər. Ulu Öndər Heydər Əliyev müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasını “obyektiv zərurət” adlandırmış və bildirmişdi ki, belə bir siyasi təşkilat müstəqil dövlətin möhkəmləndirilməsində tarixi rol oynaya bilər. Şübhəsiz ki, tarix bu uzaqgörən fikrin doğruluğunu tam sübut etdi.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilmiş və ölkənin bütün bölgələrindən olan 550 nümayəndəni birləşdirmişdir. Konfransda partiyanın yaradılması haqqında qərar qəbul edilmiş, Nizamnamə və Proqram təsdiqlənmiş, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmiş, Siyasi Şura və İdarə Heyəti formalaşdırılmışdır.
Bu tarixi qərar müstəqil Azərbaycan dövlətinin taleyini dəyişən prosesin əsasını qoydu. YAP-ın yaranması ilə ölkədə siyasi sistemin yenidən qurulması, dövlət institutlarının bərpası və milli ideyanın möhkəmlənməsi üçün real əsas formalaşdı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi sayəsində Yeni Azərbaycan Partiyası çox qısa zaman ərzində cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, YAP həqiqətən də “ dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəldi. Partiyanın güclü institusional strukturu və liderlik fəlsəfəsi onun ölkədə sabitliyin təmin edilməsində və inkişaf strategiyasının formalaşmasında həlledici rolunu möhkəmləndirdi.
2005-ci ildə keçirilmiş III qurultayda Prezident cənab İlham Əliyevin partiyanın sədri seçilməsi YAP-ın inkişafında yeni mərhələ yaratdı. Prezident cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu müasir çağırışlara uyğun şəkildə zənginləşdirərək partiyanın dövlət idarəçiliyindəki rolunu daha da gücləndirdi.
5 mart 2021-ci ildə keçirilmiş VII Qurultay partiyanın institusional inkişafında mühüm mərhələ oldu. Qurultayda yeni Nizamnamə qəbul edildi, partiya rəhbərliyi yeniləndi. Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi, 40 nəfərlik İdarə Heyəti və Təftiş Komissiyası təsdiq olundu, partiyanın yeni Proqramı işlənib hazırlandı.
Yeni Proqram YAP-ın siyasi dəyərlər sistemini, prinsip və hədəflərini, müasir çağırışlara uyğun strateji xəttini müəyyənləşdirir. YAP-ın müəyyən etdiyi 11 strateji hədəf Azərbaycan dövlətinin gələcək inkişaf vizyonunu əhatə edir. Bu hədəflər arasında Heydər Əliyev irsinin təbliği, güclü iqtisadiyyat, inklüziv cəmiyyət və sosial təminat, şəffaflıq, insan kapitalının inkişafı, milli maraqlar, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərin bərpası kimi prioritetlər xüsusi yer tutur. Bu istiqamətlər partiyanın dövlət siyasətinin formalaşmasında aparıcı rolunu nümayiş etdirir.
YAP-ın siyasi sistemdəki ən vacib missiyalarından biri ölkədə sağlam siyasi mühitin formalaşdırılmasıdır. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “ümummilli məsələlərdə fərqli fikir ola bilməz.” Bu prinsip əsasında YAP siyasi dialoqu təşviq edir, milli həmrəyliyi gücləndirir, dövlətçilik maraqlarını üstün tutur.
VII Qurultayın qərarları göstərdi ki, YAP “iqtidar–xalq” modelinin real işlənməsinə nail olmuş və ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasına liderlik etmişdir.
21 noyabr 1992-ci il tarixi təkcə bir partiyanın təsisi deyil, Azərbaycanın siyasi müstəqilliyinin, milli təhlükəsizliyinin və dövlətçiliyinin qorunması istiqamətində başlanmış böyük prosesin əsasını qoydu. Yeni Azərbaycan Partiyası ötən 33 ildə: müstəqil dövlət quruculuğunun dayağına, cəmiyyətin aparıcı siyasi qüvvəsinə, Azərbaycanın regional və beynəlxalq maraqlarını təmin edən siyasi sistemin əsas sütununa çevrilmişdir.
Bu gün YAP həm siyasi, həm ideoloji, həm də milli dövlətçilik fəlsəfəsinin daşıyıcısı kimi Azərbaycanı yeni zirvələrə aparan real siyasi qüvvədir.
Məlahət İBRAHİMOVA,
“Tərəqqi” medalı təltifçisi